“Qaz kartına 20 manat yüklədim, balans artmadı” - “Paypoint”lər pulumuzu “YEYİR”

Son günlər ölkəmizdəki “Paypoint” aparatları ilə bağlı ciddi narazılıqlar var. Vətəndaşlar ödəmələr zamanı hüquqlarının pozulduqlarını bildiriblər.

Ödəmələr zamanı aparatdan müvafiq çekin çıxmasında problemlər yaşanır. Bəzən ödəmədən sonra çek təqdim olunsa belə, pul hesaba daxil olmur. Kommunal borclar və digər xərclərini aparat vasitəsilə ödəmək istəyən əhali pullarının “yeyildiyini”, artıq pul çıxıldığını bildirirlər. Kütləvi şikayət və narazılıqlara baxmayaraq problem tam şəkildə həll olunmamış qalmaqdadır. 

Məsələyə məsul olan şəxs və ya qurumdan isə açıqlama almaq müşkülə çevrilib. Çünki aparatda qoyduqları nömrələrdən cavab verilmir, verilsə də bunun onların səlahiyyətində  olmadığı deyilir. Vətəndaşlar isə çaş-baş qalırlar.

Məsələn şikayətçinin biri redaksiyamıza göndərdiyi şikayətdə bildirib ki, smart qaz kartına 20 manat yükləsə də, balans artmayıb. 



Eyyub Hüseynov: “Bəzən isə istehlakçıların pulunu mənimsəmək məqsədi ilə şüurlu surətdə belə hallar baş verir”


Problemlə bağlı Sherg.az-a danışan “Azad İstehlakçılar İctimai Birliyi”nin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, “Paypoint” aparatları ilə bağlı şikayətlərlə çox rastlaşıb:

“Xüsusilə telefon zəngləri ilə bildirilən narazılıqlar çoxdur. Bildiyimə görə, bu işə Vergilər Nazirliyi ilə Maliyyə Nazirliyi nəzartə edir. Həmçinin aparatlara cavabdeh olan ayrıca qurumlar var. Təəssüf ki, istehlakçıdan əsassız pul tutulması başqa ölkələrdə də var. Mənim də başıma belə bir hadisə gəlmişdi. Vaşinqtondakı aparat 20 dollar ödəmənin qarşılığında heç bir çek vermədi. Bunu aydınlaşdırmaq üçün dedilər ki, 1 həftə vaxt lazımdır. Təəssüf ki, bu cür texnologiyalar tətbiq olunanda istehlakçının aldadılması, pulunun mənimsənilməsi baş verir. Yəqin ki, elektron bazanın təmin olunmasında problem olur. Bəzən isə istehlakçıların pulunu mənimsəmək məqsədi ilə şüurlu surətdə belə hallar baş verir. 

Təəssüf ki, ölkəmizdə belə texnologiyalarda, o cümlədən supermarketlərdə satışın avtomatlaşdırılması tətbiq olunanda istehlakçıların ziyanına səbəb olan hadisələr yaşanır. Hər zaman bunu tənqid etmişik. Fikrimcə, istehlakçılar sona qədər mübarizə aparmalıdırlar. Ən kiçik zərər olsa belə İqtisadiyyat Nazirliyinin “195 Çağrı Mərkəzi”nə və yaxud AİİB-nə məlumat verməlidirlər ki, onların hüquqlarını qorunsun”.