Aprelin 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanacaq – RƏSMİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov sığorta haqları ilə bağlı danışıb. Sherg.az-ın xəbərinə görə, o, bildirib ki, 2020-ci il aprel ayının 1-dən etibarən icbari tibbi sığorta haqlarının toplanmasına başlanacaq: 

“İcbari tibbi sığorta haqqı işçi ilə işəgötürən arasında faizlər nisbətində tənzimlənəcək. Qeyri-neft sektorunda, qeyri-dövlət işində çalışan vətəndaşların sığorta haqqı tutumları 1 faiz həcmində işçi, bir faiz həcmində isə işəgötürən tərəfindən ödəniləcək. 

Əgər vətəndaşın aldığı əməkhaqqı 8 min manatdan yüksəkdirsə, 8 min manatadək həmin qaydada 1 faiz işçi, bir faiz işəgötürən tərəfindən, 8 mindən yuxarı olanda isə 0,5 faiz işçidən, 0,5 faiz isə işəgötürəndən tutulacaq. Dövlət və neft sektorunda çalışanlar üçün isə yığılacaq sığorta haqqı 2 faiz məbləğindədir. 2 faizi işçi özü, 2 fazi işəgötürən tərəfindən ödəniləcək. 8 mindən yuxarıdırsa, eyni qaydada 0,5 faiz tutulmalar həyata keçiriləcək. Fərdi sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları minimum əmək haqqının 4 faiz həcmində sığorta haqqı ödəyəcəklər”.

Şöbə müdiri onu da qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı üçün dövlət büdcəsindən 90 manat həcmində sığorta haqqı agentliyə ödənilir.