Şəhid xanımının evlənməsi normal haldır: Kütləvi müzakirəyə çıxarılmamalıdır

Aprel şəhidi pilot Təbriz Musazadənin anası Tovuz Musazadə gəlini Pərişan Musazadənin oğlunun şəhid statusundan istifadə etməsindən və nəvələrini ona göstərməməsindən narazıdır.  

Bu barədə mediaya müraciət edən şəhid anası bildirib ki, oğlunun qırx mərasimindən sonra gəlini evi tərk edib:

“Mən hamıdan kömək istəyirəm. Ürəyim doludur, Təbrizimin iki balasının mənlə görüşməsinə Pərişan icazə vermir. İndiyə kimi oğluma, nəvələrimə görə susmuşam. O, çox pis iş elədi. 40 mərasimindən sonra dedi ki, gedib Təbrizin evində uşaqlarla tək yaşayacaq. Bizim yanımızda durub xəstələrə baxası deyil.

İndi Pərişan evlənib, özü bilər. Ancaq hazırda birgə yaşadığı Mehdi Əsədullayevlə rəsmi nikaha girmir. Bunu ona görə etmir ki, şəhid xanımı statusunu özündə saxlasın”. 

Baş verənlər sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrilib. Bəziləri mövzunun mediada işıqlandırılmasının yanlış olduğunu, şəhidin ruhuna hörmətsizlik edildiyini bildirib. Bir çoxları isə qeyd edib ki, şəhid anasının çağırışlarının mediada yer alması normaldır.



Azər Həsrət: “Şəhid xanımıdırsa belə, bəlli bir müddət sonra onun ailə qurması normal qarşılanmalıdır. Sadəcə ortada uşaqların taleyi var”


Tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında belə mövzunun xoş bir müzakirə olmadığını bildirib.

Onun sözlərinə görə, baş verənlərə təmkinli yanaşmaq lazımdır:

“Bu bir ailə içi məsələdir. Əlbəttə, bizim qarışmağa ixtiyarımız yoxdur. Lakin hər bir azərbaycanlı üçün müqəddəs sayılan şəhiddən və onun ailəsindən söhbət gedir. Artıq bu mövzuda cəmiyyətin reaksiyasını başa düşmək olar. Düşünürəm ki, insanlarımız bu məsələnin üzərinə çox da getməməlidirlər. Birincisi, hər bir insanın özəl həyatı və şəxsi problemləri var. Hətta şəhid xanımıdırsa belə, bəlli bir müddət sonra onun ailə qurması normal qarşılanmalıdır. Sadəcə ortada uşaqların taleyi var. Onların nənəyə göstərilməməsi düzgün deyil. Ümumilikdə məsələnin icitmailəşməsi və kütləvi müzakirəyə çıxarılması düzgün deyil. 

Bir müddət öncə bizim dünyasını dəyişmiş jurnalistlərdən birinin ailəsində də belə hadisə yaşanmışdı. Bu məsələ heç mətbuata çıxarılmadı. Jurnalistin uşağı ilə birlikdə dul qalmış xanımı Azərbaycandan kənara köçdü. Bizə çatan məlumata görə xarici bir vətəndaşla ailə qurub və həyatını yaşayır. Bütün bunların müzakirəsi aparılmadı. Düşünürəm ki, ən doğru yanaşma da əslində belə olmalıdır”. 



İndiki şəraitdə cəmiyyətin həssas olduğunu vurğulayan A.Həsrət bu həssaslığın daha çox şəhidimizlə bağlılığını bildirdi:

“Şəhidin adı olduğuna görə insanlarımız həssas reaksiyalar verir. İstənilən halda məsələnin ictimai müzakirəsi yaxşı olmadı. Təəssüf ki, baş verənlər ictimailəşib və artıq geri dönüşü yoxdur.  Şəhid adı olan yerdə belə müzakirələr işin ziyanınadır. Şəhidlik müqəddəsdir, onlar dövlətimiz və millətimiz üçün can qoymuş insanlardır. Həmin insanların arxada buraxdıqları açıqlama verərkən, addım atarkən davranışlarında mütləq şəhidimiz nəzərə almalıdırlar. Yəni, onların açıqlamaları və davranışı müqəddəs şəhidimizin ruhuna, adına xələl gətirərmi?-deyə düşünməlidirlər”.