"Əkinçi"dən sonra: Milli mətbuat tariximizə "Ziya" qəzeti öz möhürünü vurdu

Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonra anadilli qəzetlərin çapı gündəmə gəldi. Bu yöndə ilk cəhdi Bakı gimnaziyasının şəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Lakin Mirzə Məhəmməd bəyin "Cam hacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. 

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. Müəllifin sözlərinə görə, Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrün tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdikləri mətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur: “Qeyd etmək yerinə düşər ki, mətbuat fədailəri olan bu qardaşların görmüş olduqları geniş ölçülü fəaliyyət hələ kifayət qədər tədqiq olunmayıb. Bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərqulu xanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunan materiallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazıb, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınıb. Əbdürrəhman əfəndinin ölümündən sonra oğlanları Ünsizadə soyadını götürüblər. Ailənin böyük övladı Hacı Səid XIX əsrin təxminən 30-cu illərində Şamaxıda anadan olub, ilk təhsilini atasından alıb. Şamaxı mədrəsəsini bitirdikdən sonra təhsilini mükəmməlləşdirmək üçün dövrün islam mədəniyyətinin beşiyi hesab olunan Bağdada gedib, islamı mükəmməl öyrənib. Təhsilini bitirdikdən sonra Şamaxıya qayıtmış, burada məktəb açaraq, ədəbi yaradıcılıqla məşğul olmuş, "Beytül-Səfa" şeir məclisində iştirak etmişdi. Ağarəfi Zeynalzadənin "Azərbaycan mətbuatı və çar senzurası (1850-1905)" adlı monoqrafiyasında Ünsizadə qardaşlarının fəaliyyəti barəsində maraqlı faktlar var. Ortaya çıxarılan sənədlərdən bəlli olur ki, "Ziya" qəzetinin yaradıcısı Səid Ünsizadə 1866-cı ildə Şamaxı Şəriət məclisinə üzv seçilib. Üç il sonra isə Səid əfəndi Bakı quberniyası ruhani məclisinin üzvü kimi dini fəaliyyətlə məşğul olub. Xalqın maariflənməsinə daim maraq göstərən Səid əfəndi 1875-ci ildə Şamaxıya qayıdır və ruhani idarəsinin sərəncamında olan bir məktəb açır.

Məktəbdə dini elmlərlə yanaşı, Azərbaycan türkcəsi, rus, ərəb və fars dilləri, həmçinin hesab fənni tədris olunurdu. 1876-1877-ci illərdə bu məktəbdə 100 nəfərdən çox şagirdin təhsil alması barədə məlumatlar da var. Qafqaz canişinliyi baş idarəsinin təqdimatı ilə 1877-ci ildə Səid Ünsizadə Zaqafqaziya Ruhani İdarəsinə ezam olunur. İki aya yaxın orada çalışır. Səid Ünsizadə bu ildən etibarən Tiflisə köçüb, 1884-cü ilədək orada yaşamış və ruhani idarəsində çalışıb. Tiflisin ədəbi-mədəni mühiti onun arzusunda olduğu qəzet nəşri və mətbəə yaratmaq kimi dövrün ən mütərəqqi ideyasını həyata keçirməyə imkan yaradır”. 

A.Aşırlı araşdırmasında bəyan edib ki, Səid əfəndi 1878-ci il dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edib:

“O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları biri-birlərinə düşmən edən cəhalətdir. Səid əfəndi "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim
olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz Canişinliyinin baş idarəsinə belə bir məzmunda təqdimat göndərmişdi: “Senzura Komitəsi mətbuat haqqında qanuna əsasən Hacı Səid əfəndi Ünsizadənin ərizəsini, habelə "Ziya" qəzetinin məramnaməsini nəzərdən keçirib, belə qərara gəlir ki, onun xahişi senzura əsasnaməsində tələb olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar (Azərbaycan - red.) dilində nəşri xüsusi fayda verə bilər. Məhz buna görədir ki, Hacı Səid Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən xahiş
edir”. Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verildi. Senzura Komitəsi "Ziya"nın nəşrinə icazə verərkən qəzetin siyasətinin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət orqanlarına, çinovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti, çar siyasətinə zidd mövqe tutmaması nəzərə alınıb. Nəşrinin ilk vaxtlarında "Ziya"ya yaxşı münasibət göstərilməsinin başlıca səbəbləri də bu idi. "Ziya"nın nəşrinə icazə alındıqdan sonra Səid Ünsizadə çap və yaradıcılıq prosesinin normal şəkildə aparılması üçün hazırlıqlara başlamış, kiçik qardaşı Cəlalı, övladları Əbdürrəhman və Ağanı, bacısı uşaqlarını bu işə cəlb etmişdi”.

Araşdırmaçı vurğulayıb ki, 1879-cu il yanvar ayının 14-də "Ziya"nın ilk nömrəsi işıq üzü gördü: “Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edildi. 7 şöbədən ibarət olan "Ziya"da - dövlət sərəncamları, beynəlxalq agentliklərin elanları, xarici xəbərlər, daxili xəbərlər, yerli xəbərlər, məlumat göstəricisi və elanlar, felyetonlar. Səid Ünsizadə "Ziya"nın nəşri üçün xüsusi mətbəə alıb. Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan "Ziya" Tiflisdə Zailov soyadlı şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu ilin iyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə - Ağa Ələsgər Məşədi İsmayıl oğlunun evinə köçürüldü. Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq öz evinə köçürür. Azərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin olmaması "Ziya"nın nəşrini çətinləşdirdi. Ortaya çıxan problemlərə baxmayaraq qəzet "Ziya" adı ilə 76 nömrə çıxdıqdan sonra "Ziyayi-Qafqaziyyə" başlığı ilə nəşrini 1880-ci ilin dekabrından davam etdirir. "Ziya"nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməmiş, yalnız texniki məqsəd daşıyıb. Səid Ünsizadə "beş aydan bəri qiyami ətalətlə məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi "beş ay" dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun müddəasına görə, Səid Əfəndi ziyanın Qafqaza "Ziyayi-Qafqaziyyə"dən düşəcəyi fikri ilə qəzetin adında dəyişiklik edib. "Ziyayi-Qafqaziyyə" adı altında qəzetin cəmi 107 sayı işıq üzü gördü. Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü ilin yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıtdı. Naşir Şamaxıya köçdükdən sonra "Ziyayi-Qafqaziyyə" bir müddət Tiflisdə çap olundu. Bu işi onun oğlu Ağa əfəndinin həyata keçirilməsi barəsində də məlumatlar var. Həmçinin bu işdə Ağa əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik göstəriblər”.
Müəllif vurğulayıb ki, 1883-cü ildə "Ziyayi-Qafqaziyyə" mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürüldü, qəzetin Şamaxı dövrü başlandı: “Qəzetin Şamaxıya köçürülməsi ilə bağlı Senzura Komitəsinin Səid Ünsizadəyə verdiyi şəhadətnaməsində yazılır: "Bu şəhadətnamə Qafqaz Senzura Komitəsindən Azərbaycan dilində həftəlik "Ziyayi-Qafqaziyyə" qəzetinin redaktor naşiri, Zaqafqaziya əhli təsənni ruhani idarəsinin üzvü Hacı Səid əfəndi Ünsizadəyə ona görə verilir ki, yuxarıda adıçəkilən qəzetin Senzura Komitəsində əvvəlcə nəzərdən keçirməklə onun nəşrinin Tiflisdən Bakı Quberniyasının Şamaxı şəhərinə köçürülməsinə komitə tərəfdən etiraz yoxdur”. Şamaxıda qəzetin 11 nömrəsi çıxır və bununla da "Ziyayi-Qafqaziyyə" qəzeti bağlanır. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən "Ziyayi-Qafqaziyyə"nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin fəaliyyətinin dayandırılması səbəbi Bakı qubernatoruna göndərilən məktubda bəlli olur. Məktubda qeyd olunur ki, qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından dönə-dönə "Ziyayi-Qafqaziyyə"də bəhs etmişdi. 

Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə"ni bərpa etməyə çalışmış, 1900-cu ildə bu istəklə Bakı qubernatoruna ərizə vermişdi. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini rəsmi cavabla rədd edib. Dini dünyagörüşünə malik olan və qəzetin ideya istiqamətində islamçılığı başlıca qayə kimi götürən Hacı Səid əfəndi dövrünün ziyalıları, tanınmış xadimləri tərəfindən birmənalı şəkildə müsbət mənada qəbul olunmurdu. Azərbaycan ədəbiyyatı tarixinin ilk tədqiqatçılarından olan, maarifpərvər ziyalı, publisist Firudin bəy Köçərli 1906-cı ildə qələmə aldığı məqalələrin birində "Ziya" qəzetinin müəyyən bir istiqamətə malik olmadığını, yaradıcılıq yükünün daha çox dini motivin materiallar təşkil etdiyini yazırdı. Firudin bəy Köçərlinin təhlilinə görə, qəzetdə mürtəce mahiyyət daşıyan materiallar, mütərəqqi mahiyyət daşıyan məqalələrdən çox idi. 
Səid Əfəndi Ünsizadənin şəxsiyyəti, dünyagörüşü haqqında öz xatirələrində maraqlı fikirlər irəli sürən, milli publisistikamızın gözəl nümunələrini ortaya qoyan, istiqlalçı - yazar Ömər Faiq Nemanzadə isə fərqli yanaşma ortaya qoyur. Ömər Faiq Səid əfəndinin ruhani olmasına baxmayaraq, liberal dünyagörüşünə sahib olduğunu yazır. "Ziya" və "Ziyayi - Qafqaziyyə" qəzetlərində İsmi Sədrəddinbəyov, Möhsün Qübbən, Qumri Dərbəndi, Məşədi Məhəmməd Şirvani kimi dini motivli yazılar yazan müəlliflər ilə yanaşı, dövrün açıq fikirli ziyalılarının da məqalələrinin çap olunması Ömər Faiqin fikirlərinə haqq qazandırır. Belə ki, qəzetin əsas əməkdaşları sırasında Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Cəlal Ünsizadə, S.Vəlibəyov, Adolf Berje, A.O. Çernyayevski və M.Şaxtaxtlının adları var. Dövrün mütərəqqi ziyalıları olan bu şəxslərin "Ziya" ("Ziyayi-Qafqaziyyə"nin) səhifələrində elmi, publisistik məqalələri çap olunur, onların düşüncələri oxuculara çatdırılırdı. "Ziya" (Ziyayi-Qafqaziyyə) qəzetinin nəşri ictimaiyyətin diqqətini daim özünə cəlb etmiş, dərc olunan materiallar müzakirə və mübahisələrə səbəb olmuşdu. Qəzet yeni ərəb əlifbasının islahatı məsələsində Mirzə Fətəli Axundovun fikirlərini tənqid edirdi. Qəzetin 1883-cü ildə çıxan saylarının birində dərc olunan məqalədə deyilirdi ki, bizim məqsədimiz bəziləri kimi əlifbamızda dəyişikliklər etmək deyildir. Əksinə, biz həmin insanlara söyləmək istəyirik ki, öz fikirlərindən daşınsınlar. Müzakirələrə səbəb olan bu cür yazılar Tiflisdə nəşr olunan rusdilli mətbuat orqanlarının da diqqətini çəkmiş, mübahisə doğuracaq məqamlarla bağlı onların da reaksiyaları olub.