Fərqanə Qasımova: “Məni üzən başqa məqamdır"

Türkiyənin məşhur kanallarından birində qardaş ölkənin məşhur aparıcılarından sayılan Okan Bayülgənin verilişinin qonağı Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova olub. “Okan Bayülgən ile uykusuzlar kulübü” verilişində qonaq olan Azərbaycan sənətçilərinə aparıcının ünvanladığı sual birmənalı qarşılanmayıb. Belə ki, aparıcının Alim Qasımova ünvanladığı sual türk dilində normal sayılsa da, Azərbaycan dilində qeyri-etik və ədəbsiz səslənib. 

Təbii ki, türk aparıcısının bu davranışı sosial mediada da müzakirələrə səbəb oldu. Məsələ burasındadır ki, türk aparıcısının Azərbaycan sənətçilərinə qarşı xoşagəlməz hərəkəti müzakirə olunanda müxtəlif səpkili şərhlərə rast gəlmək olur. Bir çoxlarının fikrincə, Okan kimi təcrübəli televiziya aparıcısının belə bir ifadəni bilməyərəkdən istifadə etməsi mümkün deyil. Nəzərə alsaq ki, aparıcı qardaş ölkə olsaq belə verilişinə başqa ölkənin sənətçisini qonaq olaraq dəvət edirsə, ən azı qonaqları tanımalı, onlar barədə bilgili olmalı idi ki, Okan da dəvət etdiyi qonaqlarını əslində yaxşı araşdırır. İkincisi, qardaş ölkə olsaq da, dil məsləsində elə sözlər və ifadələr var ki, onlar fərqli məna kəsb edir, bunu da Okan nəzərə almalı və Azərbaycan sənətçisinə sualını ünvanlarkən bu incə məqamları hesablamalı idi. Başqa bir məsələdir ki, Okanın ermənipərəst olduğu heç kimə sirr deyil. Ona görə də ermənipərəst aparıcının bir azərbaycanlı atasına və sənətkarına ünvanlayacağı sualın altında qara rəng tapmaq da çətin deyil. Hətta aparıcı bilmədən olsa belə belə bir ifadə işlədibsə, televiziya aləmində montaj deyilən bir üslub var ki, yanlışları aradan qaldırmağa imkan yarada bilir. Veriliş çəkildikdən sonra həmin hissəni montaj edib kəsmək olardı. 
Azərbaycanın bir çox tanınmışları da Alim Qasımova olan dəyəri nəzərə alaraq sosial şəbəkələrdə etirazlarını dilə gətirdilər.



"Niyə biz illərdir Alim müəllimlə dünyanın ən böyük səhnələrində çıxış edirik, konsertlər təqdim edirik bu barədə sosial mediada yazan olmur, mətbuatda yetərincə işıqlandırılmır. Amma qalmaqallı bir kəlmə dərhal hamının marağını oyada bilir"


Elə son günlərin müzakirə mövzusuna çevrilən bu məsələyə aydınlıq gətirmək üçün Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova ilə əlaqə yaratdıq. Əməkdar artist Türkiyədəki verilişdə iştiraklarını «Şərq»in oxucularına şərh etdi: 

«Mən o verilişə gedənə qədər Okan barədə heç bir məlumatımız olmayıb, o aparıcını da tanımırdıq. Sadəcə festivaldan sonra, konsert bitdi və çıxışımız türk mediasının diqqətində oldu. Konsertdən sonra bizi həmin verilişə dəvət etdilər və biz də qatıldıq. O insanı qətiyyən tanımırdıq. Deyirlər ki, ermənipərəst aparıcıdır. Mən bilmirəm Okan kimdir, ermənipərəst bir mövqeyi var ya yox, biz qardaş ölkədə kanalın dəvəti ilə verilişə çıxmışdıq. Qaldı verilişdə baş verən məlum olayla bağlı, təbii ki, verilişin çəkilişi bitən kimi biz aparıcıya da, verilişin rəhbərinə də etirazımızı bildirdik ki, ordakı ifadələr və sualın təqdim olunmasına razı deyilik. Azərbaycanda bu verilişi izləyənlərin narazılığına səbəb olacaq. Çünki türk dilində olan o ifadənin Azərbaycan dilində tərcüməsi və səslənməsi ədəbli deyil. Biz Azərbaycan sənətçiləri olduğumuz üçün bu sualın efirdən bu şəkildə təqdim olunması doğru sayılmır. Bizə də söz verdilər ki, qətiyyən narahat olmayın, verilişdə olan həmin hissə kəsiləcək, efirə getməyəcək. Bildirdik ki, bizim dilimizə də hörmət etməlisiniz. Onlar dedilər ki, baş üstə, narahat olmayın.



Ancaq yenə öz bildiklərini ediblər. Məni narahat edən başqa bir məqamdı. Biz illərdir Alim müəllimlə dünyanın ən böyük səhnələrində çıxış edirik, konsertlər təqdim edirik bu barədə sosial mediada yazan olmur, mətbuatda yetərincə işıqlandırılmır. Amma qalmaqallı bir kəlmə dərhal hamının marağını oyada bilir. Buna üzülürəm. Mən yenə də deyirəm, mən aparıcının bunu bilərəkdən edib-etmədiyini deyə bilmərəm, günaha girməyim. Amma verilişi başdan-ayağa seyr edənlər görər ki, Okan bəy bizə kifayət qədər hörmətlə yanaşır, fikirlərimizə diqqətlə qulaq asır, ifamız onu nə qədər təsirləndirə bilir. Bilirsiz, türk dilləri olsaq da, sözlərimizdə fərq, məna fərqi olur. Misal üçün, biz təyyarə düşdü deyirik, türklər bu sözü eşidəndə narahat olurlar ki, təyyarə qəzaya düşdü. Bir sözlə, anlaşılmaz bir durumu bu qədər şişirtməyə də ehtiyac yox idi».