Deputatlığa namizədlərə çağırış: Seçki təbliğatında media ilə əməkdaşlıq vacibdir

Namizədlər çap materiallarından, televiziyadan və digər vasitələrdən istifadə etməklə uğurlu kampaniya apara bilərlər



Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinə böyük maraq var. Namizədlərin irəli sürülməsi, qeydiyyatların aparılması prosesi davam edir. Məlumdur ki, yanvarın 17-dən sonra namizədlərin təbliğat-təşviqat kampaniyası aparılacaq. Seçkilərdə təbliğatların xüsusi önəm kəsb etdiyini nəzərə alsaq, namizədlərin mətbuat üzərindən kampaniya aparmasının şahidi olmuruq. 

Halbuki, işini media üzərindən quran, çap materialları ilə təbliğat aparan namizəd çoxlu sayda qəzet nüsxəsi əldə edib, onu seçicilərinə təqdim edə bilər. Xüsusilə, rayon yerlərindən namizədliyini irəli sürən şəxslərin çap mediası vasitəsilə təbliğat aparması onların xeyrinə olan amildir. Lakin bu prosesin zəif olduğu və ya heç müşahidə edilmədiyi məlumdur. 



Məhərrəm Zülfüqarlı: “Amma elələri var ki, qohum-əqrəbalarını başına yığıb 1-2 plakat çap etməklə təbliğat apardığını hesab edir. Amma bu, başdansovdu işdi”


AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında qeyd edib ki, normal seçki kampaniyası aparmaq üçün namizədin 3 resursu olmalıdır: maddi resurs, insan resursu və vaxt resursu.

M.Zülfüqarlı çap mediası üzərindən təbliğatların aparılmasının önəmli olduğunu da vurğulayıb:

“Azərbaycanda parlament seçkilərinə 23 gün qalmış təbliğat-təşviqat kampaniyası aparılır. Bu zaman namizədlərin təbliğatlarını necə apardığını görəcəyik. İlk növbədə onu qeyd edim ki, hər bir namizədin seçki qərargahı olmalıdır. Bu qərargahda kampaniyanı aparan mütəxəssislərin olması da lazımdır. Namizədlərin mütəxəssisləri olarsa, onların heç bir problemi olmayacaq. Yəni onların təbliğatları geniş şəkildə hər kəsə çatdırılacaq. Namizədlər həm çap materiallarından, həm televiziyadan və digər vasitələrdən istifadə etməklə kampaniya apara biləcəklər. Şüarların seçilməsi, plakatların yapışdırılması da vacibdir. Bunlar olarsa, namizədlər müvəfəqiyyətli təbliğat apararaq qalib gələ bilərlər”.

Ekspert qeyd edib ki, maddi, insan və vaxt resursu olmayan namizəd öz qohum-əqrəbalarını başına yığıb 1-2 plakat çap etməklə təbliğat apardığını hesab edir:

“Bütün bunlar onu göstərir ki, hələ Azərbaycanda seçki texnologiyası və kampaniyasını düzgün aparmaq formalaşmayıb. Başqa ölkələrdəki kimi imicmeyker xidməti yoxdur ki, namizəd gəlib müqavilə bağlasın və bu onun kampaniyasında imicinin artırılmasına kömək olsun. Bu, bir elmdir. Çox təəssüf ki, namizədlərimizin bu elmdən xəbəri yoxdur. Ona görə də təbliğatlar aparılmağa başlayanda görəcəyik ki, kimlər kampaniyanı düzgün, kimlər başdan sovdu aparır”.