Cütlüklərdə aşkarlanan yolxucu xəstəliklər: Gələcək nəslin sağlamlığına təhlükə yaradır

2019-cu il ərzində nikaha daxil olmaq istəyən 135 min 551 nəfər müayinədən keçib. Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 46 olub:

“Təkcə dekabr ayı ərzində isə 9 min 149 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 265 nəfərdə talassemiya daşıyıcılığı, 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub".
 
Həkim Şəmsiyyə Namazlı Sherg.az-a açıqlamasında bildirib ki, sözügedən xəstəliklər gələcək nəslin də sağlamlığına təhlükə yarada bilər. 

Onun sözlərinə görə, bu xəstəliklər insanın bütün orqanizm sistemlərinə təsir edir:



Həkim: “Azərbaycanda milli adət-ənənələrə uyğun olaraq övladları evlənən valideynlər və ailələr bu mövzuları açmaqda ehtiyat edirdilər”


“Həm mərkəzi sinir, həm qan dövranı sistemi, xəstənin psixoloji-əqli fəaliyyəti sıradan çıxa bilər. İnsan orqanizminin fəaliyyətinə tam təsir etdiyi üçün bu xəsətliklər hər zaman diqqətdə olub. Xüsusilə son illərdə nikaha daxil olan zaman müayinələrdə xəstəliklər ortaya çıxır. Məlumdur ki, Azərbaycanda milli adət-ənənələrə uyğun olaraq övladları evlənən valideynlər və ailələr bu mövzuları açmaqda ehtiyat edirdilər. Bu baxımdan dövlət qanuni olaraq qayda qoydu ki, nikaha daxil olmaq istəyən şəxslər müayinədən keçməlidirlər. Bu, olduqca müsbət haldır. Avropa ölkələrində olduğu kimi bu məsələ bizdə də öz həllini tapdı. 

Sosial problem olduğu üçün evlənən cütlüklərdən yaranan uşaqlarda da problemlərin yaranmaması baxımından müayinələr təqdir olunmalıdır. Düzdür, ailə iki şəxs arasında qurulur. Amma, onların dünyaya gətirdiyi övladların sağlam olması vacibdir. Yəni, nikah öncəsi müayinələrin aparılması genefondumuzun sağlamlığı üçün əsasdır”.