Moskva da razıdır, Ankara da: Rusiya-Türkiyə iqtisadi əlaqələri yüksəlir

“Türkiyə-Rusiya arasında iqtisadi yaxınlaşma hər iki dövlətin Qərblə münasibətlərinin yüksək səviyyədə olmaması ilə bağlıdır”.  Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib. 

Ekspert bildirib ki, Türkiyə müttəfiqi ABŞ-la, eyni zamanda bir sıra Avropa ölkələri ilə gərgin münasibətlər içindədir:  

“Rusiyanın xarici siyasətində də vəziyyət ürəkaçan deyil. ABŞ və bəzi Qərb ölkələri Rusiyaya iqtisadi sanksiyalar tətbiq ediblər. Belə bir məqamda iki qonşu ölkə arasında yaxınlaşma təbii qarşılanmalıdır. Xatırladım ki, bir neçə il əvvəl ruslara məxsus təyyarənin vurulması nəticəsində Ankara ilə Moskva arasında diplomatik səviyyədə olduqca kəskin münasibətlər formalaşmışdı. Rusiya Türkiyəyə qarşı təsirli iqtisadi sanksiyalar tətbiq etmişdi. Lakin Türkiyə rəhbərliyinin düzgün siyasi gedişləri nəticəsində iki ölkə arasındakı problemlər həll edildi və əlaqələr normallaşdı. Həmin dövrdən etibarən Rusiya-Türkiyə əməkdaşlığı, xüsusən iqtisadi əlaqələr inkişaf etməyə başladı”. 

İqtisadçının sözlərinə görə, həm Türkiyə, həm də Rusiya kifayət qədər iqtisadi potensiala malikdir: 

“Hər iki ölkə bir-biri ilə iqtisadi əməkdaşlıqda maraqlıdır. Rusiyanın ümumi problemi odur ki, təbii sərvətlərini iqtisadi dövriyyəyə çıxara bilmir. Türkiyə də öz növbəsində iqtisadi problemlərlə üz-üzədir. O baxımdan ticari əlaqələrin genişləndirməsi iki dövlət üçün də olduqca əlverişlidir”.