“Boeing” faciəsi: Texniki nasazlıq, yoxsa rəqabətdən doğan təxribat?... - AKTUAL

“Aeroflot” şirkətinə məxsus “Boeing-777” təyyarəsi Moskvanın Şeremetyevo hava limanına təcili eniş edib. Məlumata görə, Moskva-Təl-Əviv reysini həyata keçirən təyyarənin yanacaq sisteminin sensorunda nasazlıq baş verib. 

Yanvarın 7-si isə Ukrayna hava yollarına aid “Boeing-737” tipli təyyarə Tehran yaxınlığında qəzaya uğradı, 180 sərnişin öldü. Əvəllər də “Boeing” təyyarələrinin dəhşətli qəzalara uğramasına şahid olmuşuq. Bu təyyarələrin texniki problemlərinin olduğu son 3 ildir ki gündəmdən düşmür. Hətta bir neçə ölkə bu təyyarələrdən imtina edib.

Bəzi iddialara görə isə, əslində qəzalar “Boeing” şirkətinə qarşı təxribatdır, qəsdlə törədilir. İddia olunur ki, təxribatlar şirkətin sıradan çıxmasına hesablanıb. Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olması isə sual altındadır.



Natiq Cəfərli: “Dünyanın ən böyük sərnişin hava nəqliyyatını istehsal edən iki şirkət arasında ciddi rəqabət və çəkişmə var”


İqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirib ki, şirkət hadisə ilə bağlı bir neçə dəfə rəsmi açıqlama verib:

“Şirkət yazılı kompyuter proqramlarında müəyyən problemlərin olduğunu etiraf edib və bununla bağlı bəzi işlər də görülüb. Hətta həmin sıradan olan təyyarələrin bir çox ölkələrdə pulsuz təmirini də şirkət üzərinə götürüb. Təbii ki, baş verənlərlə bağlı müxtəlif versiyalar var. “Airbus”la “Boeing”in çəkişməsi çoxlarına bəllidir. Hətta iş məhkəmələrə qədər gedib çıxıb. Amerika tərəfi “Airbus” şirkətini haqsız rəqabət apardığı üçün məhkəməyə verib. Belə ki, “Airbus” şirkəti “Boeing”lərin satışının qarşısını almaq üçün “derbi siyasəti”ni irəli sürür, yəni qiymətləri aşağı salır. Ona görə də Amerika bununla bağlı beynəlxalq ticarət məhkəmələrinə müraciət edib. Dünyanın ən böyük sərnişin hava nəqliyyatını istehsal edən iki şirkət arasında ciddi rəqabət və çəkişmə var. Amma düşünmürəm ki, insan həyatının bu qədər ucuzlaşdığı bir dünyaya yaşayırıq. İnsan inamaq istəmir ki, gəlirdən ötrü əhalidən bu qədər istifadə edirlər”. 



“Düşünmürəm ki, Fransa və Amerika şirkətləri arasında çəkişmə o həddə çatsın ki, onlar bir-birilərinə qarşı insan tələfatına səbəb ola biləcək təxribatlar törətsinlər”


N.Cəfərli “Boeing” tipli təyyarələrdə texniki problemlərin olmasının mümkünlüyünü vurğuladı:

“Çünki ilk dəfə belə hadisə baş vermir. Hətta Avstraliya şirkətində və müxtəlif ölkələrdə “Boeing” təyyarələri ilə bağlı problemlər olmuşdu. Bir çox şirkətlər isə hələlik “Boeing”ləri öz aviaparklarından çıxarıblar. Şirkət istehsal etdiyi təyyarələrin pulsuz təmirini də öz üzərinə götürürsə, texniki nasazlıq ehtimalı kifayət qədər güclüdür. Amma təxribatların olması ehtimalı çox aşağıdır. Çünki rəqib şirkətlər belə qərb şirkətləridir. “Boeing”in ən böyük rəqib şirkəti Fransanın şirkətidir. Düşünmürəm ki, Fransa və Amerika şirkətləri arasında çəkişmə o həddə çatsın ki, onlar bir-birilərinə qarşı insan tələfatına səbəb ola biləcək təxribatlar törətsinlər. Texniki nasazlığın olması, ümumiyyətlə “Boeing” təyyarələri ilə bağlı tez-tez belə hadisələrin təkrarlanması şirkətə böyük zərbə vurub. Həm səhmləri ucuzlaşıb, həm investorlar üz döndəriblər, həm də “Airbus” artıq 2-ci ildir ki, satış həcminə görə “Boeing”i üstələyir və dünyada daha çox satış həyata keçirən şirkətə çevrilib. Onsuz da “Boeing” şirkətinə iqtisadi zərbə dəyib. Ona görə də təxribatlar versiyasına o qədər də inanmıram”.