Özbəkistan prezidenti Aqşin Yeniseyin şeirini bəyəndi, təşəkkür etdi - FOTOLAR

“Bu şəkilləri Özbək yazar Mirzohid Muzaffar göndərib. Demək, yanvarın 8-də mənim "Yeni il tənhalığı" şerimi "Toşkent Hakikati" qəzetində Mirzohid bəyin tərcüməsində çap ediblər. Və səhəri gün Özbəkistan prezidenti Şavkat Mirziyayevin köməkçisi redaksiyaya zəng edərək, bu şerə görə qəzet əməkdaşlarına prezidentin xoş sözlərini çatdırıb”.

Sherg.az-ın xəbərinə görə, bu sözləri tanınmış şair Aqşin Yenisey bildirib. O, qeyd edib ki, indiki zamanda bir prezidentin şeir oxuması, bəyənməsi, üstəgəl, qəzet əməkdaşlarına xoş sözlərini çatdırması maraqlı gəlib: 

“Bu xəbəri sizinlə də paylaşım və Mirzohid Muzaffar bəyə, onun vasitəsilə qardaş ölkənin prezidentinə salamlarımı çatdırıram. Və gedim Ortaq Türk Dili lüğəti haqqında fikirləşməyə...”. 





Aqşin Yeniseyin sözügedən şeirini təqdim edirik: 

Bakıya qar yağmadı, qarsız düşdü qış bizə.
Şaxta baba və qar qız, gəldilər yanlış bizə.
Dustaqlar buraxıldı, şeş düşdü tale zəri.
Qazamatda açıldı yeni dustaq yerləri.

Pəncərədən boylanıb baxdım, baxdım ölkəmə.
Xəyalımda dalbadal güllə çaxdım ölkəmə.
Korladı əhvalımı, millətin girincliyi.
Vətənin bol-bol nefti, işsiz, evsiz gəncliyi.
Sonra da üzüquylu zülüm-zülüm ağladım.
Gedənə rəhmət deyib, gələnə yas saxladım.
Xəyalımda canlandı dostlarımın taleyi.
Xalqın deyingənliyi, hökumətin gileyi.
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq.
Bu da bayram süfrəsi; yarım araq, şor balıq.

Bir də yalqız kitablar, düzülüblər yan-yana.
Niyə hər şey düşməndir, hər şey, hər şey insana?
Ot basıb hər cığırı, yox daha ümid yolu.
Qəlbim yalqız və bomboş, külqabımsa dopdolu.
Əsəblərim pozulmuş, yuxuda da qan-tərəm.
Getedən daha qoca, gənc Verterdən betərəm.
Qulliver də deyiləm, çıxıb səyahət edim.
Üç-dörd lilipud qalıb. Mən axı hara gedim?
Bəlkə, Bulqakov kimi məktub yazım padşaha.
Görən, bu hərəkətim xoş gedərmi Allaha.

Bəlkə, Tolstoy olum, atım gedim mülkümü.
Bəlkə, quruyum ot tək, bəlkə, solum gül kimi.
Ya da sərgərdan olum Knlupa çevrilim.
Üsyan edim özümə, taxt-tac kimi devrilim.
Ya da Çörçillsayağı qurşanım siqaretə.
Bir memuar da yazım. Lazım olar millətə.

Ya da ki Homer olum, bəlkə, gözüm tutula.
Bəlkə, gözüm görməyə, bəlkə, canım qurtula.
Hüqo da çox uzaqdı, başı qarışıb nəsrə.
Taksi də baha gedir on doqquzuncu əsrə.

Bu vaxt kim bikar olar, ağlıma kimsə batmır.
Svayq evdə olmaz, Selincerə zəng çatmır.
Qorki də çox qocadır, içkini də tərgidib.
Hadi də itkin düşüb, yer üzünü tərk edib.
Məmmədquluzadə də, deyirlər, can üstədir.
Fiscerald ayıq olmaz, Kafka da ki, xəstədir.

Bəlkə, Dostoyevski? O da yəqin kart sıxır.
Pamukla dalaşmışıq, məni Rollan Bart sıxır.
Balzakla da alınmaz, özündən çox razıdır,
onunku ya romandı, ya fransız qızıdır.

Bəlkə, Somerset Moem? Görən, indi hardadır?
Heminquey yüz faiz bahalı bir bardadır.
Puşkin də yaralıdır, yatır xəstəxanada.
Bədbəxt, bir arvad üçün özünü verdi bada.
Nazim Hikmət türmədə, Turgenev də Parisdə.
Tolstoyla dalaşıb ucuz bir ləçər üstə.

Bəlkə, bir viski alım, qonaq gedim Markesə.
O da bir şey bişirtsin arvadı Mersedesə.
Dünya necə qapanıb, buz bağlayıb qütblər.
Pelevin Tibetdədir, Limonovu tutublar.
Belə gündə Yesenin! Yeyən, içən arvadbaz.
O da özünü asdı bizim vaxtla keçən yaz.

Bəlkə, filosoflardan hansısa bikar olar.
Onlar da çox danışır: “Allah yoxdur, Allah var...”
Onlardan abırlıdır, çox yazsa da Şekspir.
Onun da başın pozub, Dezdemona, Kral Lir.
Bir az yaşlı olmasa, Hamsun hamıdan dincdir.
Kuper meşədən çıxmır, Çinkaçukla girincdir.
Adamın Ekoya da gəlmir fikri, gümanı.
Görməyə də gözüm yox, ata-oğul Dümanı.
Zəhləm gedir Sinklerdən, fırıldağın biridir.
Çoxdan ölüb zırrama elə bilir diridir.

Harda qalım ilahi, hara gedim ilahi?
Özünü qoy yerimə, mən nə edim ilahi?
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?
Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq.
Bu da bayram süfrəsi; yarım araq, şor balıq.