Əmək bazarında XAOS: Üç milyondan çox adamın harada işlədiyini bilmirik

Finlandiyanın baş naziri Sanna Marin maraqlı təkliflə gündəmə gəlib. O, ölkəsində 4 günlük və 6 saatlıq iş həftəsi ilə bağlı təkliflər planı hazırlayıb.  S.Marinin fikrincə, bu, insanların öz yaxınları ilə daha çox vaxt keçirmələrinə imkan verəcək: 

“Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər”. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, ölkəmizdə belə iş rejiminin tətbiq edilməsi mümkün ola bilməz. Çünki Finlandiya ilə Azərbaycan tamamilə fərqli regionlardır. 

Liqa sədri bildirib ki, ümumiyyətlə, ölkəmizdə əmək münasibətləri düzgün qurulmayıb:

“İşləyən 5 milyon şəxsdən cəmi 1 milyon yarımının əmək müqaviləsi var. Yerdə qalanlar harda, necə və neçə saat işləyir bəlli deyil. Bunu bilən orqan yoxdur, 3 milyondan çox insan məşğul sayılır amma harda və nə ilə məşğuldur, heç kəs bilmir. Belə olan şəraitdə ümumiyyətlə iş rejiminin aşağı salınmasından danışmaq yerinə düşməzdi. Özəl sektorda özbaşınalıqdı və əsas işçi qüvvəsi də orada çalışır. Məsələn, pəncərədən baxanda görürük ki, tikinti gedir, yaxınlaşanda heç birinin əmək müqaviləsinin olmadığı ortaya çıxacaq. 



Sahib Məmmədov: “Pəncərədən baxanda görürük ki, tikinti gedir, yaxınlaşanda heç birinin əmək müqaviləsinin olmadığı ortaya çıxacaq”


Finlandiyada 4 günlük və 6 saatlıq iş rejimi mümkündür. Çünki onlarda həm texnoloji inkişaf səviyyəsi, həm qayda-qanunlar, həm də Avropa İttifaqı qanunları üzrə işçi münasibətləri dəqiq müəyyənləşdirilib. Orada 1-2 faiz kimsə küçədə hansısa işlə məşğul ola bilər, amma yerdə qalan əhalinin hamısı uçotdadır. Finlandiyada bu mövzunun müzakirəsi yerinə düşür. Bizim kimi bir sıra qonşu ölkələrdə isə vəziyyət fərqlidir”.