YAP Siyasi Şurasının üzvü: "Təkmil sosial-iqtisadi islahatlar uğurlarımızın davamlı olacağına əminliyi artırır"

“Möhtərəm Prezidentimizin müşavirədə vurğuladığı kimi, 2019-cu il ölkəmiz üçün uğurlu il olub”. Bunu Sherg.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. 

Baş redaktor bildirib ki, 2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək: 

“Arxada qalan hər il görülən işlərin hesabatı, növbəti il üçün hədəflərin müəyyənləşdirilməsinə geniş imkan yaradan dövr kimi xarakterizə olunur. Sevindirici haldır ki, ötən ili əvvəlki illə müqayisə etdikdə bütün sahələrdə təkmil islahatların həyata keçirilməsi nəticəsində möhtəşəm uğurlara imza atıldığı aydın olur. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər, bu və ya digər sahələrdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar da deyilənlərin təsdiqidir”. 

V.Rəhimzadə vurğulayıb ki, hər bir ölkənin inkişafında əsas amil olan sabitlik və iqtisadi tərəqqi yüksək səviyyədə təmin olunub: 

“Cari ildə dünyanın müxtəlif yerlərində gərginliklər, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobud şəkildə pozulması, demokratik dəyərlərə hər addımda hörmətsizlik müşahidə edildiyi halda Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi kimi mövqeyini möhkəmləndirdi. Təbii ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır. İrəli sürülən hər bir təşəbbüsün ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi davamlı uğurlara geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyev müşavirədə bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, xalq tərəfindən göstərilən dəstək, siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir”.

Baş redaktor 2019-cu ilin sosial-iqtisadi göstəricilərinə də diqqət çəkib: 

“Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısında qeyd etməsi atılan addımlara verilən yüksək dəyərdir. Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar, kadr islahatları uğurlarımızın cari ildə də davamlı olacağına əminliyi artırır. Ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri 7,4 faiz olub. Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artaraq, 51 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. İqtisadi tərəqqi güclü sosial siyasətlə müşayiət olunub. Belə ki, qəbul olunan iki sosial paket 4 milyondan artıq insanı əhatə edib, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz artıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi cari ilin dövlət büdcəsinin sosialyönümlülüyünün artmasından da aydın görünür”.