İstintaq dərinləşir: Köçəryanın taleyini Sarkisyan da yaşayacaq

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın işi üzrə ibtidai istintaqı başa çatıb. Keçmiş prezident mənimsəmə və ya mənimsəmədə iştirak etməkdə ittiham olunur.

İstintaqa görə, Serj Sarkisyan prezident olarkən rəsmi mövqeyindən istifadə edərək, ayrı-ayrı vaxtlarda bir qrup vəzifəli şəxsdən 1 milyon dollar maddi vəsaiti mənimsəyib. Onun əmlakının müsadirə ediləcəyi gözlənilir.

Politoloq Qabil Hüseynli Sherg.az-a açıqlamasında bildirib ki, Sarkisyana qarşı irəli sürülən iddialar olduqca ciddidir:



Qabil Hüseynli: “Mənimsəmə rüşvət kimi dəyərləndirilsə, Sarkisyanı çox böyük cəza gözləyir”


“Əvvəllər 1 milyondan da çox məbləğ haqqında söhbət gedirdi. Bütün bunlar onu göstərir ki, Köçəryanla bərabər Sarkisyanı da məsuliyyətə cəlb etmək istəyirlər. Hələ ki, söhbət dövlət əmlakının oğurlanması haqqında gedir. Düşünürəm ki, istintaq dərinləşdikcə yeni faktlar meydana çıxacaq. Sarkisyanın qardaşı oğlu artıq həbsdədir. O, xaricə pul keçirməsi ilə bağlı həbs olunub. İndi isə əmisi Sarkisyanı bu ittihamla məsuliyyətə cəlb etmək istəyirlər. Düzdür hələ ki, ibtidai araşdırmalar gedir, Sarkisyanın özü haqqında həbs qərarı çıxmayıb. Amma istintaq dərinləşdikcə Sarkisyan da istintaqa cəlb ediləcək. Mənimsəmə rüşvət kimi dəyərləndirilsə, Sarkisyanı çox böyük cəza gözləyir. Bu cəza verilərsə və həbs olunarsa haqqında cinayət işi qaldırılacaq”.