"Hamı çalışır efirdəkiləri pisləsin" - Kamilə Babayeva 


"Zamanla televiziyalarda peşəkarlar daha çox olacaq"

"Bir gündə efir məkanından möcüzə gözləməyə dəyməz"


Efir məkanında öz dəsti-xətti, üslubu, tərzi ilə seçilən   aparıcı Kamilə Babayeva yenidən televiziyaya qayıdıb. «Şərq»ə yeni layihəsindən danışan aparıcı maraqlı açıqlamalar verib.  




- Təbrik edirik. Az.TV-də yeni layihə ilə tamaşaçı qarşısına çıxdın.

- Çox təşəkkür edirəm. Mənim üçün doğma yerdi. Bir də bizim bütün komandamız ora gedib. Yəni uşaqlar da mənə doğmadılar. 

- Efirə yenilik, dinamika gətirən aparıcılardan sayılırsız. Efirə fərqliliyi, oynaqlığı, stili gətirdiniz.

- Efir gözəllik, estetika və ilk növbədə səmimiyyəti sevir. Bilmirəm nə qədər tamaşaçı ilə ünsiyyətimi doğru qurmuşam, amma hər zaman çalışmışam ki, özüm olum, səmimi danışım. Yalandan gülməyi efirdən sərgiləməmişəm, pafosla danışmağı sevməmişəm. Bəlkə də ona görə sevənlərim olub.

- Yeni verilişindən danışaq, hansı formatda olacaq?



- Artıq verilişin ilk buraxılışı oldu. «Görüş yeri» adlı layihə ilə tamaşaçılarımı salamladım. Veriliş tok-şou formatında təqdim olunur. İnanıram ki, tamaşaçılar üçün maraqlı bir tok-şou təqdim edə bilərik. Qonaqlı, qaralı tok-şoudu. Əsas odu biz bu yola çıxdıq.  İnşallah, yaxşı olar. Çünki komandamıza çox güvənirəm. Hər biri ayrılıqda peşəkardılar. Onların peşəkarlığı mənə həm stimul verir, həm də məsuliyyətimi çoxaldır. Yay mövsümünə qədər bu layihədə olacam. Gələn mövsümdə nə olacaq, onu bilmirəm, amma yay mövsümünə qədər «Görüş yeri»ndəyəm. Sadəcə mən çayı atdanmamış, "hop" deməyi sevən insan deyiləm. Əsas odu özümdə bir məsuliyyət hissim var.  Bir layihənin uğurlu olmasında təkcə aparıcının əməyini nəzərə almaq doğru deyil. Maraqlı bir proyekti ortaya qoymaq üçün rejissordan tutmuş, redaktora qədər peşəkar olmalıdır ki, meydana keyfiyyətli ekran məhsulu qoya biləsən. Aparıcı layihənin, verilişin görünən simasıdır, kadr arxasında olan insanlar var ki, onlar mətni doğru hazırlamasalar, senari lazımi şəkildə olmasa və digər məqamlar əvvəldən qurulmasa maraqlı iş ortaya qoya bilməzsən. Onların qarşısına çıxana qədər isə aparıcıya dəstək verən komandanın olması vacibdir. Ona görə bir də vurğulayıram ki, komandama güvənirəm. Düşünürəm ki, dedikləri və inandığım qədər maraqlı iş sərgiləməyə çalışırıq. Amma məsuliyyətim böyükdü. Çünki mənim üslubum deyil, amma öhdəsindən gələcəyimə də inanmaq istəyirəm. İnşallah, hər şey yaxşı olmalıdır.      

- Efirdə olan xanımların işi daha çətin olmalıdır, həm ailə qayğıları, həm efir hazırlığı və məsuliyyəti. Bütün bunları bir arada daşımaq nə qədər çətindi.

- Bilirsiz, mən ATV-də olarkən «5-ci element» verilişində bu çətin dönəmi keçmiş olmuşam. Yəni uşağım o zaman artıq var idi deyə, o təcrübəni keçmiş oldum. Nəzərə alsaq ki, evim də şəhərdən kənarda idi, yəni daha çətin idi. O etapı keçmişəm deyə, daha ağırlıq hiss etmirəm. Uşağım da yavaş-yavaş böyüyür. Mənə elə gəlir çətin dönəmlər arxada qalıb. 

- Bir qızınız var…

- Bəli. Bir qızım var. Natellanın artıq 6 yaşı var, yavaş-yavaş böyüyür.

- Adətən qızlar analarına bənzəməyi sevirlər, hələ ana efir insanıdırsa, məşhurdusa. Qızınızın efirə marağı varmı?

-  Bilirsiz necədir, deyim ki, tam məni təkrarlamağa çalışır, bunu görməmişəm. Amma yaradıcı ruhunu artıq hiss edə bilirik. Daha çox rəssamlığa marağı var, rəsm çəkməyi sevir. Evimizə gələn olsa elə bilər rəssamın emalatxanasına daxil olur. Hər yerdə rənglər, fırçalar, quaşlar var. Qızım rəsm çəkməyə daha çox maraq göstərir. Bilmirəm gələcəkdə kim olacaq, amma yaradıcı ruhu ilə artıq diqqət çəkir.  

- Həyat yoldaşınız sizə nə qədər dəstək olur?

- Bu gün elə bir zamanda yaşayırıq ki, aşağı-yuxarı xanımların əksəriyyəti çalışır. Ailəli xanımlar da bu gün ailəni dolandırmaq üçün dəstəklərini göstərirlər. Ona görə də əslində bütün normal ailələrdə olan vəziyyətdi. Yoldaşım normal şəkildə məni başa düşə bilir, dəstəyini göstərir. Təbii ki, mən ana olduğum üçün əgər efirdən sonra zamanım varsa çalışıram, o vaxtı ailəmə sərf edim, qızıma zaman ayırım. Yəni ailə biri-birinə diqqət və qayğı göstərməlidir ki, bərkisin. Əsas Allah hamıya kömək olsun.

- İllərin aparıcısı Kamilə Babayeva bu gün Azərbaycan teleməkanını necə dəyərləndirir. Efirlərimiz səni qane edirmi?



- Biz tənqid etməyi, suçlamağı sevirik. Hamı çalışır kimisə qınasın, efirdəkiləri pisləsin. Amma o qədər dəhşətli bir mənzərə olduğunu da düşünmürəm. Mən hər zaman qeyd edirəm, qınamaq ən asan yoldur. Bacarırsan dəstək ol, bacarırsan örnək ol. Qınamağa nə var ki? Qınayaraq, təhqir edərək efir insanını aqressiv etməyin nə mənası var? İnanıram ki, illər öz sözünü deyir, zaman keçdikcə peşəkarlar daha çox olacaq. Baxın, efir məkanımızda nə qədər yeniliklər var. İctimai kanaldakı dəyişikliklər, Azərbaycan televiziyasında maraqlı verilişlərin günü-gündən sayının çoxalması ümid etməyə əsas verir ki, zamanla problemləri aradan qaldırmaq da mümkün olacaq. Bir gündə efir məkanlarından tam möcüzə gözləməyə də dəyməz. Hərə öz imkanları daxilində rəqabətə çalışır. Mən əminəm ki, zamanla efirlərimizdə olan problemlər bugünkü qədər olmayacaq. Mən hansısa aparıcının adını çəkməklə, ya da verilişi pisləməklə o problemin həll olunacağını da düşünmürəm. Hamısı da yaxınlarımız, dostlarımızdı. Əsas odu hamıya uğurlar diləyirəm. 

Tahirə Məmmədqızı