Hamıya Çinə getməyi qadağa qoymaq olmaz - Dəhşətli virus! 

Bəlkə elə insan var, özünə, sağlamlığına güvənir və səfərdən imtina etmək istəmir 


Ümumdünya Səhiyyə Təşkilatı Çinə səfər etmək istəyən turistlər və ya insanlar, Çinlə ticari əlaqəsi olan ölkələri ehtiyatlı olmağa çağırıb. Səbəb Cinin Vuhan (Uxan) şəhərində təhlükəli virusun yayılmasıdır.  
ÜST xəbərdarlığında qeyd olunur ki, naməlum virusun səbəb olacağı riskləri müəyyən etmək üçün olduqca az məlumat var. Virusun bütün Asiya qitəsini ağuşuna alma riski çox böyükdür. 
Naməlum və sirli bir virus Çində artıq 59 nəfərə yoluxub. Ölkə səlahiyyətliləri və ya elm adamları 12 dekabr 2019-cu ildən bəri yayılan virusun qaynağını müəyyən edə bilmirlər. Virus isə dayanmadan yayılmağa davam edir.

“Sherg.az”ın “Sciencesetavenir.fr”ə istinadən xəbərində bildirilir ki, Çin səhiyyə işçiləri, 59 nəfərə yoluxmuş sirli bir sətəlcəm xəstəliyinin kökünü  müəyyənləşdirmək üçün mübarizə aparırlar.
2019-cu ilin 12-29 dekabr tarixləri arasında Çinin mərkəzindəki Vuhan şəhərində naməlum virus mənşəli sətəlcəm ilə bağlı 59 hadisə qeydə alınıb. Ən ağır vəziyyətdə olan 7 xəstə hələ də yaşayır, heç bir ölüm faktı yoxdur.

Bu barədə Vuhan Bələdiyyəsinin Səhiyyə Komissiyası məlumat yayıb. Məlumatda qeyd olunub ki, daha 163 nəfər hələ də müşahidə altındadır.
Yazıda o da qeyd olunur ki, yeni yayılan virus Çində təxminən 2002-2003-cü illərdə yayılmış kəskin respiratuar virus olan olan “SARS”dan da kəskindir. SARS da bir tənəffüs sindromu idi. Bu virus Çin hakimiyyətini ciddi  narahat edirdi. Əslində 2002-2003-cü illərdə SARS Asiyada 37 ölkəyə yayılaraq 800-ə yaxın insanın ölümünə səbəb olub. 

ÜST də xəbərdarlıq edir ki, Cənubi Koreya, Tayvan və Sinqapur kimi ölkələr önləyici tədbirlər həyata keçirməlidir. Çünki bu virusun bütün Asiya qitəsini ağuşuna alma riski çox böyükdür.  İnsanlar da diqqətli olmalıdırlar. Belə viruslar adətən keçici olduğu üçün insanlar ictimai nəqliyyatda özlərini qorumalıdırlar. Əks halda virus çoxsaylı insan qırğınına yol aça bilər. 

Yaranmış vəziyyətlə bağlı Azərbaycan Turizm Agentliyi də ölkəmizdəki turizm şirkətlərinə müraciət edib.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, Uxan (Vuhan) şəhərində yayılan virusla əlaqədar turizm şirkətlərinə Çinin həmin şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib.

Təlimat və xəbərdarlıqlar vətəndaşların səfərlərdən imtinası üçün tutarlı əsasdırmı? Bəs ticarət əlaqələri necə olsun? Məlumdur ki, Çinlə ticarət əlaqələrimiz çox genişdir. Ölkəyə idxal olunan Çin məhsulları da, belə çıxır ki, təhlükəlidir?  

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında belə hallarda tənzimləmə mexanizminin mürəkkəb olduğunu dedi:



Amma xəstəliklərin yayılması artıq təhlükəli hal alıbsa, ölkədə karantin elan edilibsə, həmin ölkəyə səfərlər qadağan edilə, ticarət əlaqələri məhdudlaşdırıla bilər

- Hansısa ölkəyə səfərlərin qadağan olunması və ya ticarət əlaqələrində ehtiyatlılıq tövsiyəsi virusun, xəstəliklərin yayılma səviyyəsinə görə təyin edilir. Həyəcanın dərəcələri var. Baxır, hansı səviyyədə həyəcan təbili çalınır. Əgər tövsiyə xarakterli xəbərdarlıqdırsa ki, səfərlərdə ehtiyatlı olun, səfər edib-etməmək vətəndaşın ixtiyarındadır. Bəlkə elə insan var, özünə, sağlamlığına güvənir və səfərdən imtina etmək istəmir. Amma xəstəliklərin yayılması artıq təhlükəli hal alıbsa, ölkədə karantin elan edilibsə, həmin ölkəyə səfərlər qadağan edilə, ticarət əlaqələri məhdudlaşdırıla bilər. Hər halda, ehtiyatlı olmaq lazımdır. Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk üçlükdədir – Rusiya, Türkiyə və Çin. Sıralanma bu cürdür. Bunu nəzərə alaraq yəqin ki, dövlət nəzarəti orqanları sərhəd-keçid məntəqələrində lazımi qabaqlayıcı tədbirlər həyata keçirirlər. Mal və məhsulların yoxlanması üçün müasir cihazlar var, əməkdaşlar da gücləndirilmiş iş rejimində çalışmalıdır. Qaldı ki, xarici ölkələrə səfərə çıxanların diqqətli olmasına, burada əsas məsələ şəxsi gigiyenayla bağlıdır. Bir insan səfərdə ikən gigiyena qaydalarına əməl etməlidir, yeməkdən öncə və sonra mütləq əllərini xüsusi vasitələrlə yumalıdır.  Təyyarə ilə, qatarla səfər edirsə, qoruyucu maskalardan istifadə edə bilər. Eləcə də, yad ölkədə ehtiyatlandığı qidalardan imtina edə bilər. Ümumi götürsək, azərbaycanlılar Çin mətbəxini xoşlamır.  Çin mətbəxi bizə genetik olaraq yaddır.  Amma sizə bunu da deyim, baxmayaraq ki, Azərbaycan mətbəxi ən dadlı mətbəxlərdəndi, bununla yanaşı həm də ən ziyanlıdır. Birincisi, zərurət yoxdursa, müəyyən müddətə Çin səfərlərindən imtina etsinlər, yox əgər məcburi səfərdirsə, yenə də ehtiyatı əldən verməsinlər.