"TANAP Azərbaycana 100 milyard dollardan çox gəlir gətirəcək" - Açıqlama

“Azərbaycan sürətlə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması dövrünə qədəm qoyur. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır”


Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyib. Prezident bunları qeyd edib:
Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçibdir. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

İqtisadçı-ekspert Pərviz Heydərov da “Sherg.az”a açıqlamasında qeyd etdi ki, TANAP Cənub Qaz Dəhlizi layihəsinin ən mühüm və vacib hissəsini təşkil edir:

“Ümumiyyətlə, Cənub Qaz Dəhlizi 3 layihədən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP. Mənbə rolunda isə "Şahdəniz-2" çıxış edir. Əslində, söhbət, 4 layihədən gedir. "Şahdəniz-2" olmasa idi, GQBK, TANAP ilə TAP olmayacaqdı. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi.
Bütün bu işlərə ümumilikdə əvvəl 45 milyard sərf olunacağı deyilirdisə də, real olaraq 40 milyard ABŞ dollarından bir az çox vəsait qoyulub. Məsələn, bilavasitə TANAP-a əvvəl 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulsa da, bunun 40 faizdən çoxuna, 5 milyard dollara qənaət edilməklə, bu günə qədər 6,3 milyard dollar xərclənərək kapital xərclərinin son olaraq 6,5 milyard dollar təşkil edəcəyi gözlənilir”.
Ekspertin sözlərinə görə, Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir:

“Onun birinci hissəsi 2018-ci ilin mayında açılıb. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş verib. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhərində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsiylə bağlı rəsmi açılış olub. TANAP üzrə ilk qaz da məhz həmin ayın sonundan ötürülməyə başlandı. Ümumiyyətlə, 2018-ci ilin sonuna qədər sözügedən kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olunmalı idi.
2019-ci ilin noyabrında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi 2-ci və sonuncu mərhələnin başa çatdığı demək idi. Bu, adıçəkilən kəmərin Avropa ilə birləşən hissəsinin tamamlanması deməkdi. Onun TAP-a birləşdirilməsi məsələsinə gəlincə, bu da, tezliklə həllini tapacaq”.

P.Heydərov xatırladıb ki, Azərbaycan ilk dəfə 13 il bundan qabaq - 2007-ci ildə təbii qaz ixrac etməyə başlayıb:

Məhz, qeyd olunan ildə Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istifadəyə verilməklə Türkiyəyə mavi yanacaq ixrac olunmağa başlandı. Və TANAP-ın da ilk rüşeymini Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri təşkil etdi. “Şahdəniz” yatağı üzrə ilk qaz müqaviləsi isə bundan xeyli əvvəl, - 1996-cı ilin 4 iyun tarixində imzalanmışdı. Müqavilənin tərəflər arasında pay bölgüsü belə idi: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), ARDNŞ (10%), LUKoil (10%), Nico (10%) və Sgc Upstream (6,7%).
Ancaq o vaxt Avropada enerji təhlükəsizliyi məsələsi aktual deyildi. Odur ki, hər hansı yeni qaz layihəsi barədə söhbət düşsəydi, bu, cəfəngiyyat sayılardı və rentabelli hesab edilməzdi. Amma Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri hələ o vaxt ilk addım sayılırdı. Və bu addım, ölkəmizin gələcəkdə böyük qaz ixracçısı kimi tanınmaq istəyinin əsasını qoyub. Ümumiyyətlə, "Şahdəniz-2" və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Cənub Qaz Dəhlizi üçün "toxum" rolunda çıxış edirdi. Odur ki, Azərbaycandan Avropaya qaz ixracı gec-tez gerçəkləşməli idi”.

Mütəxəssis hesab edir ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi təkcə Azərbaycana xidmət etməyəcək:

Azərbaycan sürətlə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması dövrünə qədəm qoyur. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır. Əvvəla, Azərbaycanın bütövlükdə mövcud qaz resursları təkcə “Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və sair. Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu “Şahdəniz”də yerləşir.

Yeri gəlmişkən, “Şahdəniz-2”-yə stimul yaradan əsas hadisə 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu oldu. 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP-ın çəkilməsinə dair tarixi sazişin imzalanması isə 2013-cü ildə “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşu üçün əsas yaratdı. Ardınca, yəni, 2014-cü ildə GQBK ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildəsə Türkiyənin Qars vilayətində TANAP-ın özülü atıldı. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da TAP-ı qaçılmaz etdi.  Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq.
Cənub Qaz Dəhlizi sayca hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha 3 Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. 
Yəni, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.

O ki qaldı gəlirlərimizə, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir. Söhbət, “Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu dəqiq söyləmək tezdir. Çünki gəlirlər az deyil, çox ola bilər. O baxımdan ki, orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcək. İlk gündən əsas hədəflərdən biri də məhz bundan ibarətdir”.