Bakıda toplantı: Seçkilərdə mətbuatın rolu müzakirə edildi - TƏDBİR

Bu gün Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Sherg.az bildirir ki, Prezident Administrasiyasının, Avropa Şurasının Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Prezident Administrasiyasının, MSK rəsmiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.



MSK sədri: “Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür”


Seminar-müşavirədə MSK sədri Məzahir Pənahov seçkilərin işıqlandırılmasında medianın mühüm rol oynadığını qeyd edib. O bildirib ki, belə bir tədbirin baş tutması Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir: 

“Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.



PA rəsmisi: “Seçkilər dövründə media prosesləri obyektiv işıqlandırmalıdır”


Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova seçkilər zamanı medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. 

O, vurğulayıb ki, media seçki prosesini obyektiv və operativ şəkildə işıqlandırmalı, seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaratmalıdır:

“Aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərə də öz müsbət təsirini göstərir.  Parlament seçkilərinin keçirilməsi də islahatların tərkib hissəsidir. PA rəsmisi bildirib ki, seçkilər müasir standartlar çərçivəsində keçiriləcək.  Media seçki prosesində aktiv iştirak edir. Seçkilər dövründə media prosesləri obyektiv işıqlandırmalıdır”.  O əlavə edib ki, seçki prosesində qanunvericiliyin pozulması halları da istisna deyil.



MTRŞ sədri: “Pulsuz efir vaxtı həftədə üç saatdan az olmayaraq həyata keçirilir”


"Seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir". Bunu isə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.  

Onun sözlərinə görə, Azərbaycanda özəl TV və radio kanalları təşviqatda iştirak edə bilməz: 

“Seçkilər dövründə “İctimai” TV seçkiqabağı təşviqat mərhələsində əsas KİV-lərdən birinə çevrilir. İTV seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir. Pulsuz efir vaxtı həftədə üç saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklar aiddir. Medianın üzərinə qoyulan tələb odur ki, hər hansı bir namizədə üstünlük verməsin, bütün namizədlərə bərabər şərait yaratsın. Ödənişli efir vaxtı da pulsuz efir vaxtından iki dəfə çox olmalıdır”. 

N.Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması barədə fikirlərə də münasibət bildirib:

“İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsi minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb”. 



Əflatun Amaşov: “Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər”


MŞ sədri Əflatun Amaşov isə bildirib ki, səsvermə günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək:

“Mətbuat Şurası səsvermə günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. Qurumun "qaynar xətt"i fəaliyyət göstərəcək.  “Qaynar xətt”ə daxil olan məlumatlar ilk öncə MSK-ya ötürüləcək. Öncəki seçkilərdə “qaynar xətt”ə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də həllini tapacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər”.



Bülənd Çaplı: “Telekanal rəhbəri Trampa zəng edərək deyib ki, “Fox News” onu rəzil də edə bilər, vəzir də”


Günü ikinci yarısında da informasiya sessiyası davam edib. Sessiyada “Seçkinin mediada işıqlandırılması: Avropa Şurası standartları” mövzusunda Türkiyənin Bilkənd Universitetinin professoru Bülənd Çaplı məruzə edib. 

Türkiyəli ekspert çıxşına 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı bir filmdən fraqmenti çatdırmaqla başlayıb. O, qeyd edib ki, həmin il Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkinin qalibi olmasında əsas rol oynayan vasitələrdən biri “Fox News”televiziyası olub: 

“Bu telekanalın rəhbəri Trampa zəng edərək deyib ki, “Fox News” onu rəzil də edə bilər, vəzir də. Həmin telefon danışığı ilə tərəflər Donald Trampın televiziyada təbliğatının aparılması ilə bağlı anlaşma əldə ediblər. Medianın gücü budur”.

“Feyk nyus” pik həddə çatmışdı”

Bülənd Çaplı daha sonra seçki prosesi zamanı medianın gender məsələsinə münasibətindən danışıb:

“Vaxtilə Türkiyədə Tansu Çillər namizəd olanda hamı onun nə danışmasından çox, nə geyindiyi, hansı çantanı götürdüyünü, geyimi ilə çatnasının uyğun gəlib-gəlmədiyini müzakirə edirdi. Seçki vaxtı medianın namizədlərə neqativ yanaşması çox sıx qarşılaşdığımız məsələlərdən biridir. Hər bir cəmiyyətdə qütbləşməyə yol verilir. Qütbləşmiş cəmiyyətlərdə medianın da rolu çətinləşir. Artıq gənc nəsil xəbərləri televiziyadan deyil, sosial mediadan alır. Bilirsiniz ki, noyabr ayında İngiltərədə seçkilər oldu. Seçki dövründə siyasi partiyaların namizədlərə münasibəti ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, mediada Mühafizəkarlar və Leyboristlər Partiyasının namizədləri ilə bağlı eyni sayda xəbərlər yer alıb. Ancaq həmin xəbərlər içərisində Mühafizəkarlar Partiyasına daha yaxşı münasibət bəsləndiyi, daha pozitiv xəbərlərin əksini tapdığı məlum olub. Yəni, medianın namizədlərlə bağlı nə qədər xəbər yaydıqları ilə yanaşı, nə yaydıqları da önəmlidir. Yəni, ədalət baxımından bir sıxıntı vardı. Yenə qayıdıram 2016-ci ldə ABŞ-da keçirilən prezident seçkilərinə. Həmin il ABŞ-da ingiliscə desək “feyk nyus” pik həddə çatmışdı. Hətta, həmin vaxt Roma Papasının adından Trampın namizədliyinin dəstəklədiyinə dair xəbər yayılmışdı. Biz Türkiyədə də bu problemləri yaşadıq. 2020-ci ildə ABŞ-da yalan xəbər dediyimiz xəbərlər inanılmaz dərəcədə yayğınlaşacaq. Bu xəbərlərin önünə keçmədiyimiz təqdirdə insanlar buna inanırlar. Seçim sürəcində insanların bilgiyə ehtiyacı var. Bunun üçün də sosial mediada dolaşan hər xəbərə inanmayın. Hər bir bu cür informasiyaları xəbərə çevirməyin. Avropa Şurasının bununla bağlı standartları var”.

“Hamımız tərəfik”


Ekspert ümumiyyətlə mediada tərəfsizliyin olmadığını vurğulayıb:

“Hamımız tərəfik. Ona görə də tərəfsiz insanların olması mümkün deyil. Tərəfliliyin fərqində olun, amma adil, obyektiv, müstəqil olun. Onu da deyim ki, ən çox yalan ictimai rəy sorğuları vasitəsilə cəmiyyətə yeridilir.Ona görə də bu xəbərləri ictimaləşdirərkən diqqətli olmalısınız. Bizdə – Türkiyədə bu məsələdə əsas rolu taksi sürücüləri oynayır. Onlar bir-iki nəfərdən eşitdikləri sözü toplumun mövqeyi kimi təqdim edirlər”.



“Azərbaycan mətbuatında da cavab haqqı qorunur”


Ekspert qeyd edib ki, dünyanın bir sıra ölkələrinin mediasında olduğu kimi Azərbaycan mətbuatında da cavab haqqı qorunur:

“Türkiyədə də bu var. Ancaq media cavab haqqı məsələsində ideallıq göstərə bilmir. Cavab haqqı medianın sevmədiyi bir haqdır. Mən də qəzetçilik etmişəm, bir sıra xarici media orqanlarında çalışmışam. Mən bilirəm ki, normal şərtlərdə, seçki və fövqəladə vaxtlarda qəzetçilik etmək məşəqqətli bir işdir. Avropa Şurası da deyir ki, dövlət jurnalistləri himayə etməlidir. Çünki qəzetçilər ictimai xidmət göstərirlər. Amma bu himayə onların müstəqilliyini məhdudlaşdırmamalıdır”.



MSK rəsmisi: “Hər hansı bir şəxs öz müraciətindən imtina edərək digər dairəyə gedə bilir”


Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bir şəxsin bir neçə dairədən namizədliyinin qeydə alınması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialardan danışıb. 

MSK sədrinin müavini deyib ki, namizədliyin irəli sürülməsi təsdiq olunan mərhələdə hər hansı bir şəxs öz müraciətindən imtina edərək digər dairəyə gedə bilir.

R.Qasımov qeyd edib ki, buna baxmayaraq statistik baxımdan şəffaflığın təmin olunması və cəmiyyətin bu barədə tam əhatəli məlumat alması üçün həmin informasiyalar Seçkilər İnformasiya Mərkəzinin internet səhifəsində yerləşdirilir: 

“Ancaq bu o demək deyil ki, bir adam iki dairədən namizədir. Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər, amma bir dairədən qeydə alınır”.

MSK sədrinin müavini diqqətə çatdırıb ki, bu anlaşılmazlıqlar namizədlərlə bağlı statistik göstəricilərə tam diqqət yetirilməməsindən qaynaqlanır.

Daha sonra sessiya suallar və cavablarla davam edib.