Sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq. 

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, 2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib:

“Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq, dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb.

İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb”. 

Q.Təhməzli qeyd edib ki, 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır.