Qəza bir anda olur: Yorğun, yuxulu halda maşın sürmək olmaz!

Son vaxtlar sürücülərin sükan arxasında yuxulaması və nəticədə qəza törətmələri hallarına tez-tez rast gəlinir. Belə faciəvi hadisələrdən biri də bu gün paytaxtın Qaradağ rayonu ərazisində qeyda alınıb. 

Belə ki, yük maşını “Ford transit” markalı sərnişin mikroavtobusunu arxadan vurub. Hadisəyə səbəb yük maşını sürücüsünün sükan arxasında yuxulaması olub.  Ümumiyyətlə, müşahidələr göstərir ki, avtomobil qəzalarının əksəriyyətinin səbəbi sürücülərin yuxulu olmasıdır. 

Məsələ ilə bağlı Sherg.az-a danışan Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu cür halların dəfələrlə təkrarlanması sürücülərin özlərinə arxayınlığı ilə bağlıdır:

“Biz “Avtosfer.az” saytı olaraq videogörüntü vasitəsilə bu cür halları izləyir, analiz edir və yayırıq. Belə məlum olur ki, qəzaların əksəriyyəti sürücülərin özlərinə həddindən çox inanmaları ilə bağlıdır. Hətta o qədər çox inanırlar ki, yuxulu halda yoxa çıxırlar. Qəza isə bir anın içində olur. 



Elməddin Muradlı: “Elə hallar da olur ki, sürücü qəfildən ayılır və çaş-baş qalaraq idarətetməni itirir”


Sürücü normal sürətlə yola davam edir, qarşısına bir maneə çıxanda isə idarəetməni itirir. Elə hallar da olur ki, sürücü qəfildən ayılır və çaş-baş qalaraq idarətetməni itirir. Nəticədə həm öz, həm də digər sərnişinlərin həyatını təhlükəyə atır. Bunun qarşısını almaq üçün mütləq lazım gəldiyi hallarda maşını saxlayıb bir az yatmaq lazımdır. Sürücü xüsusilə uzun səfərlərə çıxmazdan bir gün əvvəl yaxşı yatmalıdır”.

Ekspertin fikrincə sürücülərimizdə laqeydlik çoxdur: “Yol hərəkəti haqqında” Qanunda göstərilir ki, sürücülərin yuxulu halda yola çıxması tövsiyə edilmir. Dövlət Yol Polisi də bu haqda dəfələrlə sürücülərə xəbərdarlıq edir. Ancaq qanunda vətəndaşların yuxulu halda sükan arxasına keçmələri ilə bağlı heç bir cəza nəzərdə tutulmayıb. Çünki, doğrudan da heç kimə yuxulu olduğunu sübut edə bilməzsən. Buna baxmayaraq, sürücülər öz təhlükəsizliyini təmin etmələri üçün qoruyucu kəməri taxmalıdırlar. Bəzən sürücülər bu məsələyə etinasız yanaşırlar. Necə deyərlər, hadisə bir dəfə olur. Nəzərə almaq lazımdır ki, kəmərdən istifadə etmək sürücülərin həyat təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malikdir. Odur ki, YPX-i işçiləri bu səbəbdən sürücüləri cəriməlidiyi halda onları qınamaq olmaz. Bəziləri məsələnin ciddiliyini başa düşmür, edilən xəbərdarlıqlara baxmayaraq, yuxulu, içkili halda yola çıxır, təyin edilən sürət limitinə məhəl qoymur, təhlükəsizlik kəmərindən istifadə etməyi özlərinə lazım bilmirlər. Faciə isə xəbərdarlıq etmədən gəlir”. 

E.Muradlı tövsiyə edir ki, məsələnin mahiyyətinin dərk edilməsi üçün ciddi maarifləndirmə tədbirləri görülsün:

“Bu işdə YPX də fəal olmalıdır. Biz müxtəlif qəza videolarını yaymaqla sürücüləri bir növ “oyatmağa” çalışırıq. Amma, görünür, bu, nəticə vermir. Yaxşı olar ki, avtomobil qəzaları nəticəsində ağır zədə alanlar, əzizlərini itirənlər digər vətəndaşlara müraciət etsinlər, onlara məsləhətlərini versinlər. Bəlkə, belədə nəyəsə nail olmaq olar”.

Kənan Novruzov