“Görüş xatirinə görüş” – Qarabağ danışıqlarından irəliləyiş gözlənilmir - ŞƏRH

“2020-ci il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hansısa irəliləyişdən danışmaq üçün heç bir əsas yoxdur”. Bunu Sherg.az-a açıqlamasında Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin gözlənilən görüşünü şərh edərkən politoloq Azər Qasımov deyib. 

Politoloqun sözlərinə görə, bu cür görüşlər saysız-hesabsız olsa da, nəticəsiz başa çatıb: 

“XİN rəhbərlərinin görüşünü “görüş xatirinə görüş” adlandırsaq daha doğru olar. Ermənistan tərəfinin məqsədi başqadır. Səhvlərimizdən nəticə çıxartmalıyıq. Erməni dövlətinin mahiyyətini, yaradılma səbəbini Azərbaycan dövlətinin təhlükəsizlik strategiyası doktrinasına əlavə etməliyik və bu qondarma dövləti Azərbaycanın əbədi düşməni elan etməliyik. Daha sonra isə mənasız danışıqları, xalqların dostlaşması kimi fikirləri gündəmdən birdəfəlik çıxartmalıyıq. Ermənistan bizə düşmən dövlət olduğunu daha hansı hərəkətlərlə göstərməlidir?! Biz danışıqlar deyirik, erməni tərəfi isə daim təxribat törədir. 

“Ermənistan bizə düşmən dövlət olduğunu daha hansı hərəkətlərlə göstərməlidir?!”


Dövlət başçısının “biz müdafiədən hücum taktikasına keçməliyik” fikri çox önəmli mesajdır. Vaxt itiririk və bu da sadəcə düşmənə və onları himayə edənlərə sərf edir. Yeni “hücum doktrinası” adlı strateji plan hazırlanmalıdır. Ermənistan iqtisadi blokadadan tutmuş, hərbi əməliyyatların başlamasına qədər bütün istiqamətlərdə güclü təzyiq altına salınmalıdır, bütün qapıları bağlanmalıdır. Bütün bunları etmək üçün üçün əlimizdə həm hüquqi, həm də hərbi baza var”. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Bu barədə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, ATƏT sədrinin daimi nümayəndəsi Anjey Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib: “Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur”.