Azərbaycanda Multikulturalizm

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir. Kitabi-Dədə Qorqud" dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir.

Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu  Öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Təbii olaraq, Uluöndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır". Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının "Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair" UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm  ili” elan etdikdən sonra, insanlarımız öz keçmişinə bir daha nəzər yetirdi, dünyada baş verən müxtəlif prosesləri  dəyərləndirdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm  siyasi xəttinin sistemliyini təmin edən Ulu Öndərimiz Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəşəm, işıqlı bir siyasi platforma qurub.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı Fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Dünyanın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir.

Müasir Azərbaycanda multukultural dəyərlər, tolerantlıq hər ötən gün daha da möhkəmlənən, təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində öz əksini tapan dəyərə çevrilmişdir. Bunun əsas səbəblərindən biri milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasında, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilməsidir. Respublikamızda tolerantlıq, dini dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Bundan başqa hər bir insan müəyyən intellekt sahibidir. Ölkədə müxəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir.

Ziya Aslanov 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların yenidən hazırlanması” fakültəsinin 
I kurs magistrantı