1 saatlıq parklanmaya görə ödəniş olmamalıdır: Avtodayanacaqlarla bağlı MARAQLI TƏKLİFLƏR

Konkret idarə və müəssisələrin əməkdaşlarına isə parklanmaya görə aylıq ödəniş təyin etmək daha düzgündür



Bakı küçələrində parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər. Qeyd olunub ki, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.

BNA vətəndaşlara bir daha xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir: "Bir daha sürücülərimizdən "Yol hərəkəti haqqında" qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik".



Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında BNA-nın bu addımını müsbət qiymətləndirdiyini qeyd etdi:

“Parkomatlarla bağlı uzun müddət anlaşılmaz vəziyyət hökm sürdü. Bilinmirdi, ödənilən pullar hansı qurumun büdcəsinə gedir, sürücülərə ödəniş haqqında qəbz də verilmirdi. Bu vəziyyətdə parklanmaya görə vətəndaşdan pul alınması tamamilə qanunsuz, qeyri-leqal idi. Ancaq onu deyim ki, avtomobillərin dayanma-durma yerlərində parkomatların qoyulması ən ideal seçimdir. Dünya ölkələrində bu təcrübədən istifadə olunur. BNA parklanma ilə bağlı ortaya konkret mövqe qoyacaqsa, bu, müsbət hal olacaq. Gerisi isə artıq vətəndaşdan asılı məsələdir. Məlumdur ki, bəzi yerlərdə avtomobillərin dayanmasına, irəli-geri hərəkətinə, yolun hərəkət hissəsinə maneəsiz çıxışına kömək edən – yəni “requlirovka” verənlər var. Kimsə bu şəxslərə 20-30 qəpik ödəyirsə, məncə, burada qəbahət yoxdur. Bu, bir tərəfdən bizim xalqın əliaçıqlığını göstərir. Bu işi icra edənlər aztəminatlı, azgəlirli təbəqənin nümayəndələri olur, adətən. Onlara “əl tutmaq”da bir qəbahət yoxdur”.
 


Parklanma tariflərinə gəlincə, İ.Hüseynli təkliflərini açıqladı:

“Əvvəlki qiymətlərə baxsaq, çox bahadır. Hesab edirəm ki, 1 saat müddətinə qədər parklanmaya görə ödəniş ümumiyyətlə olmamalıdır. Parklanma müddəti 1 saatı ötdükdə 50 qəpikdən başlayan qiymətlər olmalıdır. Avtomobilin gün ərzində neçə nöqtədə, neçə dəfə  parklanmasının, parklanmanın iş şəraiti ilə bağlı olub-olmaması da nəzərə alınmalıdır. Məsələn, sürücü iş şəraiti ilə bağlı gün ərzində bir neçə yerdə avtomobili parklayırsa, bir dəfə ödəniş etməli, qəbzi saxlamalı və digər yerlərdə həmin qəbzi təqdim etməlidir. Konkret idarə və müəssisələrin əməkdaşlarına isə parklanmaya görə aylıq ödəniş təyin etmək daha düzgündür. İşçilərə aylıq ödəmə kartı da verilə bilər”.