Tanınmış ekspertin evində partlayış: Gecə saat 5-də qaz kəsilib, sonra… - FOTOLAR

Yanvarın 17-də təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin mənzilində ciddi narahatlığa səbəb olan hadisə baş verib. E.Nurəliyevin sosial şəbəkədə verdiyi məlumata görə, gecə təxminən saat 5 radələrində xəbərdarlıq etmədən evin qazını kəsiblər və səhər açılana kimi enerjinin verilməsi dayandırılıb.

Nəticədə qaz sızması evdə partlayışa səbəb olub və mənzilin bir bölümünə ciddi ziyan dəyib. Şükür ki, xəsarət alan olmayıb. Baş vermiş xoşagəlməz hadisədən narahatlıq duyan tanınmış ekspert haqlı olaraq müvafiq qurumları məsuliyyətsizlikdə ittiham edib: 

“Xəbərdarlıq etmədən gecə qazın kəsilməsinin hansı nəticələrə səbəb olacağını bilməyən “Azəriqaz” və bu əməli törədən işçilərin məsuliyyətsizliyi insanların həyatlarını təhlükəyə atır. Yoldaşlar diqqətli olaq!”.



Elmar Nurəliyev: “Dəfələrlə şahidi olmuşuq, heç bir xəbərdarlıq edilmədən evdə təbii qazın verilişi dayandırılıb”


Nəzərə almaq lazımdır ki, həm paytaxt Bakıda, həm də Azərbaycanın digər rayon və kəndlərində əhalinin böyük əksəriyyəti el arasında “ceyran peçi” adlandırılan qaz avadanlığından istifadə edir. Ona görə də qış aylarında bu cür halların baş verməsi bir növ adiləşir. Əfsuslar olsun ki, xəbərsiz qaz kəsintiləri ciddi partlayışlara, bəzi hallarda isə ölümə gətirib çıxarır. Bəs sözügedən qurumların məsuliyyətsizliyinə rəğmən, bu cür hallardan sığortalanmaq üçün əhali nə etməli, təhlükə ehtimalına qarşı hansı addımları atmalıdır? 

Bununla bağlı Sherg.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev xidmət sahələri elə bir sferadır ki, qarşı tərəf müştəriyə göstərdiyi xidmətin həm keyfiyyətli, həm əlçatan, həm də təhlükəsiz olmasını təşkil etməlidir. 



Ekspertin sözlərinə görə, söhbət həm keyfiyyətdən, həm də təhlükəsizlikdən gedir: 

“Digər sahələrində fərqli olaraq sosial xidmət göstərənlər bu işdə daha da diqqətli olmalıdır. Kommunal xidmətlər yüz minlərlə, milyonlarla insanları əhatə etdiyi üçün burada keyfiyyət və təhlükəsizliyin nə dərəcədə ciddi əhəmiyyət daşıdığını anlamaq elə də çətin deyil. Çünki burada söhbət insanların həyatından gedir. Ani diqqətsizlik və məsuliyyətsizlik nə qədər insana maddi, mənəvi, psixoloji ziyan vura bilər. Həyat və sağlamlıqlarını təhlükəyə atar. Dəfələrlə şahidi olmuşuq, heç bir xəbərdarlıq edilmədən evdə təbii qazın verilişi dayandırılıb. Məhz buna görə, o qədər bədbəxt hadisələr baş verib ki. Ancaq “Qazdan təhlükəsiz istifadə qaydaları” haqqında, istehlakçıların və aidiyyati təşkilatların vəzifələrində , eyni zamanda “Təbii qazdan istifadə qaydaları” haqqında qanunda göstərilib ki, qazın verilişinin texniki və yaxud qəza hallarının aradan qaldırılması zamanı dayandırılması zərurəti yaranarsa, istahlakçılara mənzil istismar sahələri və kütləvi informasiya vasitələri dərhal məlumat verməlidir. Təəssüflər olsun ki, bəzən heç bir məlumat verilmədən təbii qazın verilməsi dayandırılır.  Bu da böyük faciələrə gətirib çıxara bilir. Buna görə məsuliyyəti kim daşıyır? Bir ailədə faciə olandan sonra kimin məsuliyyət daşımasının nə fərqi olacaq?”.



“İnsanlar da diqqətli olmalıdır. Qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Ancaq nəzərə alaq ki, fəqli səbəblərə görə bu hadisələr əhalidən asılı olmur”


E.Nurəliyev bəyan edib ki, müvafiq qurumlar bu məsələdə diqqətli olmalı, insanların həyatlarını məsuliyyətsizlik nəticəsində təhlükəyə atmamalıdır:

“Əlbəttə, insanlar da diqqətli olmalıdır. Qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Ancaq nəzərə alaq ki, fəqli səbəblərə görə bu hadisələr əhalidən asılı olmur. Məsələn, gecə saat 4-də qazı kəsirlər və səhər saat 10-da verirlər. Əgər adam gecə yuxudan ayılmazsa, səhər yuxulu-yuxulu işığı yandırırsa, dəhşətli faciəyə səbəb olar. Axı evdə yaşlı, xəstə adamlar var ki, onlar hadisə vaxtı nə etmək lazım olduğunu bilmirlər, bilsələr belə unudurlar. İnsanların tələsik qərarı da faciəyə səbəb ola bilər. Ona görə insanların evdə qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi zəruridir. Birinci növbədə evə girərkən və ya yuxudan durarkən evdə qaz iyinin olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Daha sonra qaz cihazından istifadə etmədən öncə mütləq evin havasını dəyişib, alışqanı yandırıb, qaz kranını açmaqla yandırmaq olar. Qaz cihazlarını heç vaxt nəzarətsiz qoymayın! Ondan istifadəni qətiyyən uşaqlara etibar etməyin. Evi uzun müddətə tərk edən zaman qaz cihazlarını işlək vəziyyətdə qoyub getməyin!”.