Düz bağırsağında narkotik gizlədibmiş

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü, ümumi çəkisi 94 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 3 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.