MSK rəsmisi: "Dövlətin seçiciləri axtarmaq kimi vəzifəsi yoxdur"

9 fevralda keçiriləcək parlament seçkilərinə 18 gün qalmasına baxmayaraq, bəzi problemlər hələ də aktualdır. Belə ki, bir qrup sosial şəbəkə istifadəçisi adlarının seçici siyahısında olmamasından gileylənirlər.

Mövzu ilə bağlı Axar.az-a danışan Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bəzi vətəndaşların adının seçici siyahısında olmamasının səbəblərini açıqlayıb:

“Seçicinin adının çıxmaması onun yaşadığı ünvanı və ya digər məlumatları düzgün qeyd etməməsi ilə bağlı ola bilər. Həmçinin ola bilər ki, siyahıya alınanda nümayəndələr seçicinin evinə getsələr də, onu həmin ünvanda tapa bilməyiblər.

Bəzi vətəndaşlar seçici məsuliyyətini tam başa düşmürlər. Bütün məntəqələrdə seçici siyahıları asılıb. Seçicilər seçkiyə 35 gün qalmışdan 20 gün qalmışa qədər gedib adlarını siyahıda axtara bilərlər. Seçicinin adının siyahıda olmadığı bəlli olsa, dairə seçki komissiyaları dərhal onu qeydə alarlar. Hər bir seçici həmçinin elektron formada müraciət edərək, adını seçici siyahısına saldıra bilər”.

M.Rəhimovun sözlərinə görə, dövlətin seçiciləri axtarmaq kimi vəzifəsi yoxdur.