Nərminin qətli - Məhkəmə İlkin Süleymanovu həbsdə saxladı

Sabunçu Rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və təqsirləndirilən şəxsin azadlığa buraxılması ilə bağlı vəsatətə baxılıb.

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılan prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin edilməyib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Tovuz  rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun  yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Tovuz Rayon Məhkəməsin İ.Süleymanov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.