“Jiquli” qatarla toqquşdu, yaralılar var - RƏSMİ AÇIQLAMA

Ötən gün gecə saatlarında Tovuz-Qovlar mənzilində qatarla minik maşını toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Baş verən hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsi açıqlama verib. 

Qeyd olunub ki, Böyük Kəsik-Bakı sərnişin qatarı Tovuz-Qovlar mənzilinin 115-ci kilometrində hərəkətdə olarkən, qorunan dəmir yolu keçidindən keçməyə cəhd göstərən “Jiquli” markalı avtomobil qatarın lokomotivi ilə toqquşub. 

Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Böyük Kəsik-Bakı sərnişin qatarı təxminən yarım saatdan sonra hərəkətini davam etdirib. 

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin (Dəmiryol keçidlərində hərəkət, Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər və s.) tələblərinin pozulması olub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə ilə bağlı ilk məlumatı APA yayıb.