Mühafizə orderləri yaxşıdır: Amma, zorakılığa qarşı daha effektli vasitələr var

Ədliyyə nazirliyindən verilən məlumata görə ötən il zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib. Onlardan 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. Bildirilib ki, mühafizə orderi verilənlərin qadın, kişi sayına görə bölgüsü aparılmır.

Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.

Hüquq müdafiəçisi Əliməmməd Nuriyevin fikrincə, bu cür addımlar təqdirəlayiq olsa da, daha effektli çıxış yolları da var. 

O, Serq.az-a bildirib ki, mühafizə orderlərinin verilməsi ilk baxışdan qurbanın təhlükəsizliyinin təmin edilməsi üçün müsbət addım kimi  qiymətləndirilə bilər:

“Lakin burada daha təsirli metodlardan istifadə etmək  məqsədəuyğundur. Belə ki, mühafizə orderləri verilən şəxslər, yəni qurbanlar öz evlərinə, işlərinə rahat şəkildə gedib-gələ bilmirlər. Əslində qurbana təziq göstərilən şəxs və ya şəxslər nəzarətə alınmalıdır. Başqa sözlə desək, təcridetmə prosesi həyata keçirilməlidir. Qurbanın ev, iş yerlərinin perimetrtləri müəyyənləşməli və xüsusi qolbaqlardan istifadə etməklə təzyiq göstərən şəxslərin qurbana yaxınlaşması məsafə baxımından məhdudlaşmalıdır. Doğrudur, bu, vəsait tələb edir. Lakin qurbanın təhlükəsizliyinin təmin edilməsi üçün daha effektli vasitədir”.



Əliməmməd Nuriyev: “Azərbaycan “Qadın zorakılığına qarşı” İstanbul konvensiyasını ratifikasiya etsə, bu istiqamətdə daha ciddi addımlar atıla bilər”


Hüquq müdafiəçisinin sözlərinə görə, qanunvericilikdə müəyyən dəyişikliklərin həyata keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malik ola bilər: 

“Cəmiyyətdə baş verən bütün proseslər, o cümlədən də insanların həyat təhlükəsizliyi qanunla tənzimlənir. Zənnimcə, “Məişət zorakılığı haqqında” qanuna yenidən baxılmalı, ona müəyyə əlavə və düzəlişlər edilməlidir. Eyni zamanda əgər Azərbaycan “Qadın zorakılığına qarşı” İstanbul konvensiyasını ratifikasiya etsə, bu istiqamətdə daha ciddi addımlar atıla bilər”.