“Davosda Azərbaycan özünü dünyaya yeni biçimdə təqdim etməyi bacardı”- Professor 


Cümşüd Nuriyev:“ Ölkəmiz bu platforma vasitəsilə əldə etdiklərini dünyaya çatdırır. Bu isə təkcə Azərbaycan iqtidarına deyil, bütün xalqımıza lazımdır”

Dünyanın gözü yenə İsveçrənin kiçik bir kəndinə yönəlib. Bu kənddə dünyada Davos Forumu kimi tanınan beynəlxalq əhəmiyyətli tədbir keçirilir. Azərbaycanın dövlət başçısı də hər il olduğu kimi, forumun işinə qatılmaq üçün İsveçrəyə səfər edib, orada çoxsaylı görüşlər keçirir.

Xatırladaq ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı,  enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir müzakirə qrupundan hazırda minlərlə iştirakçının qatıldığı dünya səviyyəli tədbirə çevrilib. Tədbirin iştirakçıları arasında yüzlərlə böyük şirkət rəhbərləri, onlarla dövlət başçısı, beynəlxalq QHT, media nümayəndələri var.

Azərbaycanın Davos İqtisadi Forumunda iştirakını yüksək qiymətləndirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a söyləyib ki, bu forum eyni zamanda bir siyasi platformadır:

Əvvəllər Davos forumu haqqında o qədər də müsbət fikirlər söylənilmirdi. Amma son 10 ildə elə hesab edirlər ki, bu forum dünyanın gələcək iqtisadi gündəliyini müəyyənləşdirən bir platformadır. Burada həm yeni innovativ təkliflər gündəmə gəlir, görülmüş işlər haqqında hesabatlar verilir, görüləcək işlər barədə  fikir mabadiləsi aparılır. Başqa dövblətlərin gördüyü işlərlə tanışlıq olur. Eyni zamanda bu forum yeni iqtisadi əlaqələrin qurulması üçün bir platformadır. Azərbaycan da platformadan uğurla yararlanır. Hələ 2007-ci ildə Prezident İlham Əliyev Azərbaycanda islahatlar siyasətini elan etmişdi. Azərbaycan islahatlar siyasətini uğurla aparan aparıcı dövlətlərədən biridir. Bəzi ölkələr iqtisadi, siyasi, kadr və struktur islahatları zaman-zaman, aram-aram aparır. Çünki birdən-birə bu islahatların hamısını həyata keçirmək çətindir. Amma Azərbaycan bu yolu seçdi, ortaya qətiyyət qoydu və bu yol Azərbaycan üçün kifayət qədər nailiyyətlər gətirib. Azərbaycan kimi böyük müstəqillik tarixi olmayan bir dövlətin iqtisadiyyatında bu qədər irəliləyişlər, inkişaf,  adətən, mümkün olmur. Amma Azərbaycan bunu  bacarır. İllər öncə, müstəqllik əldə etmiş dövlətlərə də baxaq, Azərbaycana  da. Dünyanın resurslarının 21 faizi Rusiyada cəmlənməsinə baxmayaraq bu ölkə iqtisadi islahatlarda Azərbaycan qədər uğurlar əldə edə bilmir. O mənada Azərbaycan öz iqtisadiyyatını yeni innovativ inkişaf reysinə salmağı bacarır.

Elektron hökumətin qurulması, rəqəmsal texnologiyaların tətbiqi, ölkənin iqtisadi inkişafının təminatı, insanların rifah halının yaxşılaşdırılması və bütün bunların fonunda Azərbycanın Davosda iştirakı ölkəmizə xeyli nailiyyətlər qazandırıb. Azərbaycanın dünyada tanıdılmasında Davos Forumunun böyük əhəmiyyəti var. Ölkəmiz bu platforma vasitəsilə əldə etdiklərini dünyaya çatdırır. Bu,  təkcə Azərbaycan iqtidarına deyil, bütün xalqımıza lazımdır. Çünki Azərbaycan dünyaya açılan yeni bir dövlətdir, ərazilərimiz işğal olunub. Qonşularımızın bizə çox ciddi qısqanclığı var.  Ölkə daxilində müəyyən qüvvələrin əli ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələr mövcuddur".

Professor diqqətə çatdırıb ki, bütün bunların fonunda Azərbaycan özünü dünyaya  yeni üsulda, yeni qiyafədə və biçimdə  təqdim etməyi bacardı. Davos forumunun Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyəti çox böyükdür:

"Azərbaycan Davosda Avropa açılmağa bacardı. Avropadan da bütün Qərbə açılır.  Yanılmıramsa, Davosda  50 ölkənin prezidenti iştirak edir. Dünyada 205 dövlət var, onun 193-ü BMT-nin üzvüdür. Belə olan halda, Azərbaycan prezidentinin iştirakı, görüşlər keçirməsi çox önəmlidir. Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanması,  “Procter and Gamble Europe” şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsi  yaxşı haldır. Bundan başqa, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın Lukoil şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunması, “Sighify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunması ölkəmizə olan marağın göstəricisidir.

Həmçinin, “Carlsberg Group” şirkətinin Azərbaycana investisiyalarını artırmaq niyyətində olması,  Azərbaycanda sığorta bazarının inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələlərinin müzakirəsi göstərir ki, Azərbaycan düzgün yoldadır. İnanıram ki, ölkəmiz iqtisadi uğurlarını daha da artıracaq”.