Politoloq: “Prezidentin Davosdakı görüşləri olduqca mühümdür”

“Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı olduqca mühümdür”. Bunu Sherg.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.  Ekspert bildirib ki, Prezident İlham Əliyev artıq 14-cü dəfədir ki, yüksək səviyyədə Davos İqtisadi Forumunda iştirak edir: 

“Davosda Azərbaycana olan diqqət böyükdür. Bu da səbəbsiz deyil, ölkəmiz iqtisadi baxımdan durmadan inkişaf edir, yeni prioritetlər üzə çıxır, innovativ yenilənmə prosesləri həyata keçirilir, böyük islahatlar proqramı reallaşır. Ona görə də Avrasiya məkanı ilə bağlı keçirilmiş paneldə dövlət başçısı İlham Əliyev diqqət mərkəzində idi. Xanım moderatorun Prezidentimizə verdiyi suallar da göstərdi ki, onlar Azərbaycan daxilində gedən proseslərdən xəbərdardırlar. Azərbaycanın reallaşdırdığı inkişaf modeli, problemlərlə bağlı tətbiq etdiyi alqoritmlər və həll yolları beynəlxalq təşkilatların nümayəndələrində böyük maraq doğurur”. 

T.Abbasovun sözlərinə görə, Prezidentin Davosda işgüzar dairələrlə görüşü, həmkarları ilə yüksək səviyyəli təması olduqca mühümdür: 

“Şübhəsiz, bunlar ilk növbədə etimada söykənir. Qarşılıqlı etimad fonunda yeni işgüzar layihələr və proqramlar gündəmə gəlir. Əgər bir ölkə daxili sabitliyini qoruyub saxlaya bilirsə, həmin dövlətin xarici arenada da özünü layiqincə ifadə etməsi və dünyadakı sabitlik potensialını artırması mümkün olur. Ümumiyyətlə, forumlar böyük yarmarkanı xatırladır. Biznesin və işgüzar sahələrin elitaları Davosda bir araya gəlir və qeyri-formal təmas qururlar. Hətta ayaqüstü görüşlər çərçivəsində də olsa, bir sıra vacib məsələlərlə bağlı anlaşmalar, razılaşmalar olur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin özünü təsdiq etmiş müstəqil bir ölkənin rəhbəri kimi Davosda iştirakı çox mühümdür. Biz, bunun faydalarını ən yaxın zamanda görəcəyik”.