Xızıda evdən üç əl qumbarası, 145 patron və dörd avtomobil nömrəsi tapıldı - FOTO

Xızıdan üç ədəd əl qumbarası (bir ədəd F-1 və iki ədəd RQD-5), bir ədəd UZRQM partladıcısı, 145 ədəd müxtəlif çaplı patronlar, bir ədəd mobil telefon və dörd ədəd avtomobil dövlət nömrə nişanı aşkar olunub. 

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

2020-ci il 24 Yanvar tarixində saat 11:22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində iki ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.  

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üç ədəd əl qumbarası (bir ədəd F-1 və iki ədəd RQD-5), bir ədəd UZRQM partladıcısı, 145 ədəd müxtəlif çaplı patronlar, bir ədəd mobil telefon və dörd ədəd avtomobil dövlət nömrə nişanı aşkar olunub, mobil telefon və avtomobil dövlət nömrə nişanları Xızı rayon Polis Şöbəsinə təhvil verilib, hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Aşkar olunmuş obyektlərin ətrafında 600 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.