Jurnalistin sualından əsəbiləşən Pompeo onu “söhbətə” çağırdı

ABŞ-ın dövlət katibi Mayk Pompeo NPR-ə müsahibəsində Ukrayna ilə bağlı sual verən aparıcı Meri Luiz Kelliyə qəzəblənib və onu “söhbətə” çağırıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Müsahibə əsnasında jurnalist söhbətin mövzusunu dəyişdirmək istəyib və soruşub ki, “ABŞ-ın Kiyevdəki keçmiş səfiri Mari Yovanoviçdən üzr istəməsi lazımdırmı?”. Buna cavab olaraq Pompeo İran haqqında danışmağa gəldiyini deyib.

“Mən bu administrasiyanın mövcud olduğu üç il ərzində Ukraynaya münasibətdə siyasətimizin nə olduğunu bilirəm. Gördüyümüz işlərdən qürur duyuram”, - deyə dövlət katibi vurğulayıb.

Ukrayna ilə bağlı suallardan sonra müsahibə başa çatıb. Pompeo ayağa qalxıb, əyilib və bir neçə saniyə Kelliyə səssizcə baxıb.

Bir müddət sonra aparıcı dövlət katibi ilə “söhbətə” çağrılıb.

Məlumata görə, burada Pompeo Ukrayna barədə suala görə aparıcı ilə mübahisə edib və soruşub ki, onun fikrincə, həqiqətənmi, amerikalılara bu maraqlıdır?

Bundan əvvəl Prezident Donald Trampın şəxsi vəkili Rudolf Culiani, milyarder maliyyəçi Corc Sorosun ABŞ-ın Ukraynadakı dörd səfirinin təyin edilməsinə və işinə təsir etdiyini bildirmişdi.

Onun sözlərinə görə, maliyyəçi xüsusilə Tramp tərəfindən qeyri-loyallığına görə işindən uzaqlaşdırılan səfir Mari Yovanoviçə “nəzarət edib”.