Zelenski üçün riskli vəziyyət yarana bilər - ŞƏRH

“Rusiya ilə yaxınlaşmaya etiraz edən Ukrayna millətçiləri ölkədə növbəti qarşıdurmanın əsasını qoya bilərlər”



Rəsmi Kiyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilməsini istəyib. Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib. Putinin köməkçisi qarşı tərəfə Rusiya prezidentinin proqramının çox zəngin olduğunu deyib: “Görüş olsa belə, yalnız ayaqüstü və çox qısa olacaq. Ayrıca görüşə fiziki olaraq vaxt qalmayacaq”. Uşakov eyni zamanda heç kimin Zelenskinin istəyini geri çevirmədiyini söyləyib. Ekspertlərin fikrincə, Kremlin geri çevirməsinə rəğmən, Kiyevin israrla görüş tələb etməsi müəyyən məqamlarla bağlıdır. 

Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında deyib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə dil tapmağa məcburdur. 

Ekspertin sözlərinə görə, Qərb Rusiyanın Krım və Donbasa qoşun yeritməsi zamanı yalnız bəyanat verməklə kifayətləndi, Kiyevə əməli yardım etmədi. Nəticədə Kiyev öz ərazilərinə nəzarəti itirdi: “Hazırda Qərbin hədəfində Yaxın Şərqdə baş verən hadisələrdir. Ukrayna məsələsi onları az maraqlandırır. Bu baxımdan, Qərbin özünün geosiyasi maraqları üçün Ukraynaya hərbi yardım göstərəcəyi ideyasının bir ilğım olduğunu rəsmi Kiyev də anlayır. Rusiya da Krım və Donbasa böyük maliyyə xərcləyir. Bu isə sadə Rusiya vətəndaşının yaşamına mənfi təsir göstərir. Kreml də bu problemi tezliklə həll etmək istəyir. Belə olan təqdirdə Putin-Zelenski dialoqu qaçılmaz görünür. Əlbəttə, dialoq alınsa belə, Kremlin öz tələbləri olacaq. Lakin Kiyevdə bilirlər ki, onlar hələ uzun müddət Ukraynanı Rusiyanın təsir dairəsindən uzaqlaşdıra bilməyəcəklər. Odur ki, problemi dərinləşdirmək istəmirlər. Bu baxımdan, Zelenski seçki öncəsi istifadə etdiyi ritorikanı dəyişməyin zəruriliyini anlayır”.

Siyasi şərhçinin fikrincə, əgər Zelenski və Putin arasında dialoq baş tutarsa, bu, Kiyevin Moskvaya qarşı sərt siyasətinin dəyişməsi anlamına gələ bilər: 

“Təbii ki, Zelenski üçün müəyyən mənada riskli vəziyyət yaranacağını gözləmək mümkündür. Belə ki, Rusiya ilə yaxınlaşmaya etiraz edən Ukrayna millətçiləri ölkədə növbəti qarşıdurmanın əsasını qoya bilərlər. Digər tərəfdən, Zelenskinin Putinlə dialoqa başlamasının Ukraynanın xarici siyasətində ciddi dəyişikliyə səbəb olacağını gözləmək olar. Kreml Kiyevlə öz şərtləri daxilində barışmağı arzulayır. Rusiyaya qarşı sanksiyalara Ukrayna məsələsinə görə əl atılıb. Lakin Ukraynada Rusiyaya münasibət birmənalı deyil. Bu baxımdan, Zelenskidən qətiyyətli addımlar atmaq tələb olunur. Əgər Ukraynanın yeni prezidenti ünvanına yağdırılacaq tənqid və təhqirləri həzm etməyə hazır olsa, Moskva ilə sülhə gedəcək. Bunun davamı kimi Qərbin Rusiyaya qarşı sanksiyalarının əsaslı dərəcədə yumşalacağını proqnozlaşdırmaq olar. Bir sıra Avropa dövləti də “Ukrayna problemi”nin qısa zamanda bitməsini arzulayır. Əvəzində, Kiyevə kreditlərin ayrılması da təklif edilə bilər”.