Aygün Aslanlı: "Filmlərimizdə pafos, lazımsız şüarlar var" - MÜSAHİBƏ

"Filmin mövzusu vacib amildir"


Hətta müasir kino klassikanı təkrarlayır kimi görünür"




Son dönəmlər çəkilən yerli filmlərin keyfiyyətindən narazılıq edilir. İstər bədii filmlərin, istərsə də serialların senari zəifliyi, rejissor işində qüsurlar və digər problemlər cəmiyyətdə də müzakirələrə səbəb olur. Biz niyə maraqlı ekran əsərləri çəkə bilmirik, çəkdiyimiz filmlər niyə inandırıcı deyil.

«Şərq»in  suallarına kinoşünas Aygün Aslanlı cavab verdi.

- Kino, film insanın intellektinə, həyata baxışına təsir edə bilirmi?

- Təbii ki, kino çox ciddi bir sənət əsəri olduğu üçün onun tamaşaçıya təsir qüvvəsi də böyükdür. Təbii ki, söhbət ciddi kino sənətindən, keyfiyyətli ekran əsərindən gedir.

- Onda niyə rejissorlar arasında belə bir deyim var ki, "Çox filmə baxma, quruyarsan", çox filmə baxmaq təxəyyülü qurudur?

- İnanın, ilk dəfə eşidirəm. Doğrusu, heç eşitməmişəm. Yanlış, absurd fikirdir. Kino insan taleyindən, yaşam tərzindən bəhs edir. Kino həyatı anladır, göstərir. Buna göz yummaq ağılsızlıq deyilmi?

- Sizcə, bizdə film çəkənlərin hamısının kino sahəsindən xəbəri var, dünya kinolarını izləyib, kino barədə oxuyublar. Axı hər yerindən duran bu gün kino çəkmək istəyir... 

- Oxumadan, filmlərə baxmadan dünya kinosunda gedən proseslərdən, köhnə, yeni tendensiyalardan, rejissorlardan necə xəbər tutmaq olar?
Qodardan tutmuş Tarantinoya, Dəmirkubuza qədər bütün rejissorlar filmlərə baxa-baxa rejissor olublar, özü də sıradan yox, kino tarixinə öz imzasını qoyan rejissorlar. Oxuyub-yazmağı bacarmayan bircə dahi tanıyıram: gürcü rəssamı Niko Pirosmani. Onu da dahi eləyən rəsmlərinin ibtidai təbiiliyidir. Zatən özü də primitivizm cərəyanının nümayəndəsi sayılır.

- Bizim rejissorlara yaxşı film çəkmək üçün sizcə nə mane olur? 

- Məncə, bizim rejissorların təxəyyülünü qurudan konformizm, güclü özünüsenzura, bir də şəxsiyyətə pərəstişdir. Şəxsiyyətə pərəstiş – yəni bir, ya da bir neçə rejissoru, yazıçını və sair seçirlər, bayıla-bayıla filmlərinə baxırlar, əsərlərini oxuyurlar, bioqrafiyalarını əzbərləyirlər, amma sorğu-sual, analiz eləmirlər, ən əsası həyat təcrübəsinə çevirməyi bacarmırlar. Sadəcə pərəstiş. Məsələn, sizə Tarkovskidən nə qədər istəsəz, sitat gətirərlər - ideyalarından, fəlsəfəsindən, bütün filmlərini əzbər danışırlar, nazirlik film çəkməyə icazə verəndə filmlərində Tarkovskiyə göndərmələr eləyirlər. Ancaq Tarkovski o filmləri çəkmək üçün hansı məhrumiyyətlərlə üzləşib, ölkəsindən necə didərgin düşüb, necə xərçəngə tutulub, bunları unudurlar.
Halbuki, Tarkovskini Tarkovski eləyən sadəcə kameranı 3 dəqiqə eyni nöqtəyə tuşlamağı deyil, o məqama gətirib çatdıran intellekti, üstəgəl, həyat təcrübəsi, cəsarəti, narahatlığıydı.

- Açıqlamalarınızda, müsahibələrinizdə nazirliyi tez-tez suçlayırsız. Azərbaycan filmlərinin zəifliyində onları da günahkar sayırsız?

- Buna suçlama deməzdim. Sadəcə mən olanları dilə gətirirəm. Başqaları kimi mən də yalandan tərifləsəm, onda kinoya xəyanət etmiş olaram. Nazirlikdən mərhəmət uma-uma yaşayan rejissorun Tarkovski olması qeyri-mümkündür. Təxəyyülü də məmurların təxəyyülünün icazə verdiyi çərçivədə olacaq.

- Bu günlərdə bir tənqidiniz də müzakirələrə səbəb oldu. Qeyd etdiniz ki, «Arxada qalmış gələcək» filmini çəkərkən göstəriş verilib ki, əsgərlərin geyimləri təmiz olmalıdır.

- Bəli, mən həqiqətləri deməyə çalışdım. Dövlət sifarişi ilə film çəkilir, müharibədən film çəkilir. Amma göstəriş verilir ki, filmdə kadrlarda əsgərlərin geyimi təmiz olmalıdır. Bu nə qədər doğrudur. Film çəkərkən hər tərəf buna maraqlı olmalıdır. İdeoloji səviyyədə filmlərin çəkilişinə müdaxilələr olur. Misal üçün, Rüfət Əsədovun «Arxada qalmış gələcək» filminin çəkilişində tələb olunmuşdu ki, əsgərlərin geyimi təmiz olsun. Müharibədə, səngərdə olan əsgərin geyimi nə qədər təmiz ola bilər ki? Mən tamaşaçıyam. Deyək ki, müharibədə iştirak edən bir insan o filmi izləyəndə nə qədər o filmə baxanda inana bilər. Axı film inandırmalıdır. Meşənin içində əsgər gedir, paltarı tər-təmizdi. Bu nə qədər inandırcı görünər? Buna inanmazlar. 

- Biz niyə filmlərimizi inandırıcı çəkə bilmirik?

 - Çünki filmlərimizdə pafos var. Lazımsız şüarlar var - Vətən! Torpaq uğrunda ölmək lazımdır! Filan. Film bunları sevmir. Bilirsiz, müharibə filmi çəkərkən mütləq deyil ki, orda güllə atılsın, ayaq kəsilsin. Bunlar təsir vasitəsi deyil. Pafosdan uzaq film çəkməklə də kinonu təsirli  təqdim etmək olar.  «Nabat» filmi niyə uğur qazandı, festivallarda maraqla qarşılandı. Çünki film müharibədən bəhs etsə də, müharibə səhnəsinə rast gələ bilməzsiz.  Filmdə bir dənə sonda əsgərlər gəlir kəndi boşaldırlar. Müharibədən çəkilib. Amma müharibə səhnəsi yoxdu. Film bir insanın faciəsini göstərir. Bir qadının timsalında bir insan taleyinə diqqət yönəlir. Qadın hər gecə gəlir, kənddə olan evlərin işıqlarını yandırır. Boş kəndin işıqlarını yandırır ki, kənd boş görünməsin. Filmdə insanla empatiya qura bilir tamaşaçı. Anadır, təkdir, oğlunu itirib, qəbirləri ziyarət edir. Acını  yaşarkən o hissələri mütləq deyil çığıraraq, qışqıraraq, sentimental musiqinin təsiri altında  deyəsən. Rejissor o hissləri pafossuz da təsirli təqdim edə bilər. Sadəcə müəyyən elementlərdən istifadə edilir. Dünyanın bir çox ölkələri müharibə yaşayıb. Yəni dünya üçün Azərbaycandakı müharibə maraqlı deyil. Qarabağ qaçqını ingilis üçün maraqlı deyil. Avropa üçün insan faktoru vacibdi. Onlar burdan baxa bilirlər hadisələrə. Ona görə də ağlamaqla, pafosda Vətən deməklə Qarabağ haqqında film çəkmək gülməli görünür.  

- Klassik kino ənənələri mövcuddur. Bir də bu gün çəkilən ciddi, amma müasir film tərzləri. Aralarında fərq çoxmu böyükdü? 

- Əslində çətin sualdı. Fikrimcə, baxanda prinsipial fərq yoxdu. Hətta müasir kino klassikanı təkrarlayır kimi görünür. Filmin mövzusu vacib amildi. Mövzular da bəşəri olduğundan hər zaman aktualdı - mərkəzdə insan dayanır. İnsanın mənəvi, sosial problemləri, özünüdərk prosesi, kütlə və fərd münasibətləri və s. Amma digər tərəfdən, çox ciddi bir fərq var. Rus dokumentalisti Marina Razbejkinanın sözləri ilə cavab verim: “Klassik kino - rejissorlar monoloq vəziyyətində, özlərinə qapalı halda mövcud idilər, dialoqa ehtiyac duymurdular, müasir kino isə əksinə, real məkan və real zamanla dialoqa can atır”.

- Tamaşaçı onları başa düşə bilirdi? Ya da bu gün tamaşaçını inandırmaq bu günün  rejissorları üçün maraqlıdır?  

- Tamaşaçı onu başa düşür, ya yox - bu, klassikləri maraqlandırmırdı. Əksinə, sanki anlaşılmamaq üçün əllərindən gələni eləyirdilər, müasir kino isə bütün vasitələrlə tamaşaçıya təsir eləməyə, qavranmağa can atır. Bu gün xətti narrativin önə çıxması, qeyri-peşəkar oyunçulardan istifadənin aktuallaşması - hamısı buna xidmət eləyir: tamaşaçı ekranda özünü görsün. Klassik kinoda isə dominant - müəllif idi. Yadıma Ayaz Salayevin müasir kinodan şikayəti düşdü. Hər dəfə təzə filmlər haqqında fikrini soruşanda deyir ki, indiki filmlərə baxa bilmir, çünki onlarda burnunu eşələyən, ayağını qaşıyan adamları göstərirlər. Amma köhnə filmlərin qəhrəmanları, hətta aşağı təbəqədən olanda da, ziyalı obrazındaydılar və ali şeylər haqqında düşünürdülər, onlar uğrunda mübarizə aparırdılar. Müasir kino ilə klassika arasındakı fərqin kobud izahı da budur.

- Türkiyə öz 19-20-ci əsrlər klassik ədəbiyyatını seriallara çəkdi. Rəşad Nuri Güntəkin kimi yazıçıların əsərlərindən uğurlu seriallar çıxardılar. Azərbaycanda seriallar üçün belə klassik roman və hekayələrə müraciət edilə bilərdi?

 - Niyə olmur ki? Lap da gözəl olardı. Düzü, bu sualın cavabı məni də çox maraqlandırır. Hər dəfə yerli seriallardan danışanda mütləq bu mövzuya da toxunuruq. Azərbaycan ədəbiyyatının böyük hissəsi - İlyas Əfəndiyevin, Salam Qədirzadənin, Bayram Bayramovun, Mirzə İbrahimovun əsərləri serial üçün ideal materialdır. İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost”, “Söyüdlü arx” romanlarını birləşdirib 100 seriyalıq serial çəkmək olar. Salam Qədirzadənin “46 bənövşə”si, “Qış gecəsi” də həmçinin. Tamaşaçıya da tanışdı, seviləndi. Sadəcə cüzi dəyişiklik, dövrə "adaptə" eləmək lazımdı ki, az maliyyə sərf olunsun. Mənim üçün də müəmmadı, niyə serial istehsalçıları, bu qədər hazır material varkən özlərindən saxta, yad süjetlər uydururlar. Niyə, məsələn, serial sənayesində uğurun zirvəsində olan müasir Türkiyənin təcrübəsindən istifadə eləmirlər, 90-cı illər Latın Amerika seriallarını yamsılayırlar. Bu, nə biznes, nə adi - ümumiyyətlə, heç bir məntiqə sığmır.

- Son zamanlar Azərbaycanda çəkilən film və teleseriallarda küçə jarqonları, başqa dillərə məxsus ifadələr, qabardılmış məişət söhbətləri və söyüşlərdən geniş istifadə olunur.

- Hər kəs həyatda söyüş söyür, rus sözlərindən istifadə edir. Biz bir yandan təqdim olunan filmlərdən təbiilik tələb edirik, digər tərəfdən isə təbii ifadələrin əleyhinə çıxırıq. Əgər personajın təbii alınması üçün nitqində həmin sözlərin istifadəsi lazımdırsa, o sözlər istifadə olunmalıdır. Görün dünya film çəkilişində nələrə nail olub, amma biz filmdə söyüşdən istifadəni müzakirə edirik. Filmin təbii alınması üçün həmin ifadələrdən istifadə normaldır. Son filmlər arasında «Sonuncu pərdə» kimi filmləri nəzərdə tutursunuzsa, bu normaldı.