Təranə: "Şou-biznesdə kasıbçılıqdır, pul yoxdur"

"Deməzdim ki, şou-biznesdə sükut hökm sürür. Məsələn, bir neçə gün öncə Tolik Nazilə Səfərlinin ad gününü çox gözəl şəkildə təbrik etdi (gülür). Əslində həqiqətən də sükutdur".

Bu sözləri məşhur prodüser Təranə Səmədova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. O, şou-biznesdə höküm sürən sükutu açıqlaması ilə bu cür pozdu:

“Mənə hamı deyir ki, “Təranə niyə heç bir müğənni ilə əvvəlki kimi çalışmırsan?” Cavab olaraq deyirəm ki, pul qazanan müğənnilərin əksəriyyəti artıq öz komandalarını yığıb. Bu komandada kənardan adamlar yoxdur. Yalnız çevrəsində olan yaxın insanlardır. Mən hər hansısa bir müğənniyə gedib deyəsi deyiləm ki, gəlib səninlə işləmək istəyirəm.

Bir qisim müğənnilər isə ümumiyyətlə qazana bilmir. O müğənni ki pul qazana bilmir, mən niyə ona dəyərli vaxtımı sərf edim? Böyük müğənni kütləsi ümumiyyətlə pul qazanmır”.

Bir sıra əməkdar artistləri fəaliyyətsizlikdə günahlandıran Təranə onların şou-biznesdə aktuallığını itirdiyini vurğuladı:  

“Əməkdar artistlər Almaz Ələsgərli, Rəşad İlyasov haradadırlar? Onların sənətinə və özlərinə çox böyük hörmətim var. Amma hazırda onlar təlabatlı ulduzlar deyillər. O gün Şüvəlanda kiçik bir məclisdə idim, gördüm ki, İlqar Sail orada çıxış edir. O zamanında toylardan çıxmırdı. Çox gözəl toylar aparırdı. Amma indi... Elariz Məmmədoğlu isə başını götürüb getdi Amerikaya”.

Səmədova təlabatlı olub, şou meydanında at oynadan məşhurları kateqoriyalara ayırdı:

“Bu gün tələbat Türkan və Pərviz duetinədir, Damlaya, Vasif Əzimova və təbii ki, Röyayadır. Sadəcə, qiymət və adını çəkdiyim müğənnilərin sevən kütlə fərqi var. Müəyyən kütlə var ki, onlar öz toy məclislərinə heç zaman Damlanı çağırmazlar. Onların məclisində Nərgiz Cəlilova, Nəsib Nur aparıcı olmalıdır. Toyda isə Abbas Bağırov, Zamiq Hüseynov, Röya, Günay İbrahimli, Sevda Yahyayeva olmalıdır. Fərqlər çoxdur”.

“Əgər Türkan və Pərviz duetindən, Damla və Vasif Əzimovdan sizə işbirliyi təklifi gəlsə, razılaşarsız?” sualına məşhur prodüserin cavabı bu cür oldu:

“Yaxşı pul qazanırsa, niyə də işləməyim? Biznes və pul qazanmaq ayıb deyil. Biznes elə bir şeydir ki, onu kateqoriyaya bölmək düzgün deyil. Əsas odur ki, biznes pul gətirsin. Təbii ki, işləyərəm. O gün məni bir tanış adam görüb söyləyir ki, Rəqsanədən təzə nə xəbər var? Söylədim ki, xəbərim yoxdur. Deyir ki, sən idin də Rəqsanəni qoymuşdun dağ başına. Onu yüksək tuturdun. O adam yanımızda olub. Görüb ki, müğənni ilə işlədiyim zaman onun üçün necə çalışıb-vuruşurdum, hər bir əziyyətə qatlaşırdım. İnanırsan, indi tükəndiyimi hiss edirəm. Naşükürlüklərdən, təşəkkürsüzlüklərdən yorulmuşam.

“İş təkliflərinə açıq olduğunu bildirən qalmaqallı prodüser Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova ilə çalışarsız?” sualına T.Səmədovanın reaksiyası gözlənilməz oldu:

“İş təklifləri müğənnilərdən çox gəlir. Amma qəbul etmirəm. Yeni bir müğənnini sıfırdan götürüb, üzərində işləmək çox böyük məsuliyyət, zaman və güc tələb edir. O ki qaldı Aysu ilə işləməyə, mən bu suala nə hə, nə də ki yox demək istəyirəm. Heç vaxt, heç vaxt demə”.

Sözü şillə kimi üzə deyən Təranə redaksiyamızın əməkdaşı ilə söhbətində şou-biznesin kasıbladığını bildirib, “qaz vurub, qazan dolduran” müğənnilərin adlarını açıqladı:

“Əvvəlki kimi şou-biznesdə pul yoxdur. Müəyyən müğənnilər var ki, onlar “qaz vurub, qazan doldurur”. Pul qazanır Nuri Sərinləndirici. Bu adam toya ən baha qiymətə gedir. Pul qazanır Elton Hüseynəliyev, Abbas Bağırov, Samir Piriyev, Zamiq Hüseynov. Bir sözlə, toyu normal idarə edən sənətçilər yaxşı pul qazana bilir. Mən isə hazırda şou-biznesdən pul qazana bilmirəm. Ayda-ildə bir dəfə kiməsə toy təklif edərəm, oradan da kiçik bir qanorarımı götürərəm”.

Pulsuzluqdan giley-güzar edən Təranə Səmədova müsahibəsinin sonunda yeni işini gün üzünə çıxartdı.

“Bildiyiniz kimi, tezliklə ATV-də “Aldanmış hisslər” serialı yayıma başlayır. Mən bu serialın icraçı prodüseriyəm. Bu seriala “hə” cavabını dərhal vermədim. Serialın ilk bölümlərinə baxdım və mənim qəlbimə toxundu. Qəlbimə toxunduğu üçün serialın prodüserlik işlərini boynuma götürdüm. Serialda xalq artistləri Nurəddin Mehdixanlı və Rasim Balayev kimi aktyorların çəkilməsi gözlənilir. Onlar isə mənim ən çox sevdiyim sənətkarlardır. Bir sözlə bu işə iki əlli razılıq verdim”.