Ötən il Avstriyada turizm sahəsində yenidən rekord qeydə alınıb



Avstriyanın turizm iqtisadiyyatı üçün 2019-cu il rekordla başa çatıb, ölkə turizm istiqaməti kimi populyarlığını daha da artırıb.

AZƏRTAC Avstriya Statistika İdarəsinə istinadla xəbər verir ki, ötən il Avstriyanın turizm müəssisələrində həm yerli, həm də xarici turistlər üzrə gecələmələrdə artım olub. Keçən il ölkədə 152,64 milyon (öncəki ildən 1,9 faiz çox) otel gecələməsi qeydə alınıb.

Avstriyada istirahət etməyə üstünlük verən turistlər əsasən Almaniya vətəndaşlarıdır. Həm yay, həm də qış turizminə görə ilboyu qonaq cəlb edən Alp ölkəsinə səfər edən alman turistlər 56,7 milyon gecələmə ilə liderdirlər. Sonrakı yerlərdə Niderland (10,3 milyon gecələmə), İsveçrə (4,9 milyon) və Çexiya (3,3 milyon) dayanır. Turist gecələmələrinin 39,9 milyonu isə yerli sakinlərdən payına düşüb.

Avropa İttifaqı ölkələri arasında adambaşına 6,3 turist gecələməsi düşür. Xorvatiya, Kipr və Maltadan sonra dördüncü yerdə dayanan Avstriyada isə hər sakin üzrə 14,4 gecələmə olub. Fərdi evlərdə qalan turistlərin daxil edilmədiyi bu statistika ölkədə kütləvi turizmin yüksək inkişafını göstərir.

Hazırda qış mövsümündə hava şəraitinin əlverişli keçməsi bu il də turizm göstəricilərinin yüksək olacağına dəlalət edir.