Güc yolundan istifadə olunmalıdır: Azərbaycan prosesləri ölü nöqtədən tərpədə bilər

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin nizamlanması üzrə planının olduğunu və bu planın eks-prezident Serj Sarkisyanın hakimiyyəti dönəmində qəbul edildiyini qeyd edir. Paşinyan bununla Qarabağdakı separatçılara mesaj verməklə, özünün yeni planının olmadığını vurğulayır. 

Nikol Paşinyanın münaqişənin həlli bağlı açıqlamasını “Şərq”ə təhlil edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib ki, erməni baş nazir keçmiş hakimiyyətin Qarabağ konfliktinin nizamlanmasında razılaşdığı planı qəbul etməyə hazırdır. 



Analitikin sözlərinə görə, Paşinyan masada olan planın qəbul edilməsində sabiq rəhbərlərin və separatçıların da məsuliyyət daşıdığını deməyə çalışır: 

“Əgər, danışıqlarla bağlı konkret plan varsa, həll variantları da tapılmalıdır. Burada əsas nüans erməni tərəfinin Qarabağda “referendum” istəməsidir. Məhz bu qanunsuz “referenduma” görə danışıqlar prosesi dalana dirənib. Hətta erməni tərəfi digər ərazilərin də geri qaytarılmayacağı mesajını verir”. 

Siyasi şərhçi bəyan edib ki, Ermənistan rəhbərliyinin apardığı siyasətdə ardıcıllıq yoxdur: 

“Tərəflər Qarabağ kartından istifadə edərək bir-birinə qarşı mübarizə aparır. Bu da danışıqların effektsizliyinə gətirib çıxarır. Hazırda danışıqlarda heç bir dinamika yoxdur. Ən əsası isə Azərbaycan və Ermənistan rəhbərliyinin qısa zamanda görüşü gözlənilmir. Çünki referendum məsələsində İrəvanın mövqeyində dəyişikliklər yoxdur. Rusiyada hakimiyyət strukturlarında baş verən dəyişikliklər fonunda Moskvanın da danışıqlara töhfə verməsi qeyri-mümkündür. Azərbaycan yalnız güc yolu ilə prosesləri ölü nöqtədən tərpədə bilər”.