"Elm hamiləlik üçün ən uyğun yaş dövrü olaraq 20+ tövsiyə edir" - Həkim-ginekoloq

“Erkən yaşda hamiləlik zamanı risq daha çoxdur. Elm hamiləlik üçün 20 + yaş dövürünü uyğun görür”. Bu fikri “Sherg.az”a açıqlamasında həkim-ginekoloq Fəxranə Hüseynzadə erkən nikahlar zamanı problemli hamiləlik dövrü barədə danışarkən deyib.  

Xatırladaq ki, Gəncədə yetkinlik yaşına çatmayan hamilə qız doğuş həyata keçirib. "Report"un xəbərinə görə, 2003-cü il təvəllüdlü, şərti adı N.Z olan şəhər sakini təcili tibbi yardım maşını ilə doğuş üçün xəstəxanaya aparılıb. O, xəstəxanaya çatdırılsa da “uşaqsalma” nəticəsində körpə dünyasını dəyişib.
Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.



F.Hüseynzadə erkən nikahlar zamanı problemli hamiləliklərin daha çox gözlənilən olduğunu bildirdi:

- Elm hamiləlik, ana olmaq üçün ən uyğun yaş dövrü olaraq 20+ tövsiyə edir. Tibb elmi məhz bu yaş dövründən etibarən qadın orqanizminini ana olmağa uyğunlaşdığını bildirir. Erkən nikahlar zamanı isə hamiləlikdə risqlər daha çoxdur. Erkən doğuş, dölün bətndaxili tələfatı, gözlənilməz düşüklər, həmçinin qadın orqanizminin tez qocalması, klimaks dövrünün normal vaxtdan tez başlaması da erkən nikahların yarada biləcəyi fəsadlardır. Təəssüf ki, erkən nikahlara hələ də rast gəlinir, həkimlər də bu halda çıxılmaz vəziyyətdə qalırlar. Baxmayaraq ki, erkən nikah nəticəsində hamiləlikdir, amma adi, sıradan hamiləlik kimi qeydə alınır, protokola uyğun müayinələr aparılır. Hamiləliyin problemli olacağına şübhələr yarandıqda əlavə müayinələr, ya da müalicə təyin edilir. Bütün hallarda  orqanizm üçün uyğun bir dövrdə qadının hamilə qalması məsləhətdir.         

Məlahət Rzayeva