"Hələki insanları görüş üçün harasa dəvət etmirəm. Özüm onların ayağına gedirəm"
"Bu prosesdə iştirak etməyimdə daxilimdəki enerjimi, təvazökarlıqdan uzaq olsa da şəxsi qabiliyyətimi, savadımı əsas tutaraq parlament seçkilərində iştirak etmək qərarına gəldim"
“Öncə Vətən, öncə millət, güclü məclis, güclü dövlət” şüarı ilə
parlament seçkisinə qatılan Tural Əfəndiyev istedadlı və ictimai fəal olmaqla
yanaşı, həm də zəngin seçki platformasına malikdir. Deputatlığa iddialı gənc
namizəd “Şərq”ə müsahibəsində parlament üzvü seçiləcəyi təqdirdə görəcəyi
işlərdən və gələcək planlarından danışıb. T.Əfəndiyev platformasının hər sahəni
əhatə etdiyini vurğulayıb. Qeyd edək ki, T.Əfəndiyev27 yaşlı gənc 16 saylı
Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.
- Tural bəy, öncə özünüz
barədə məlumat verərdiniz, namizəd Tural Əfəndiyev kimdir?
- 1993-cü ildə Qazax rayonu Birinci Şıxlı kəndində ziyali ailəsində anadan olmuşam. Azərbaycanda Tarix və Coğrafiya ixtisası üzrə bakalavr, İstanbulda isə idarəetməçilik ixtisası üzrə magistratura təhsili almışam. Hazırda "Türkiyə Bursları" Dövlət Programı ilə İzmir “Dokuz Eylül” universitetində İdarəetməçilik üzrə doktorantura təhsilimi davam etdirirəm. Türkiyədə “AVRASYA Gənclərin Beynəlxalq Əməkdaşlıq Təşkilatı” idarə heyətinin sədriyəm. Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının “Beyazay” ictimai birliyinin (fiziki məhdudiyyətli insanlara dəstək) “Məhdudiyətləri aradan qaldırmaq üçün kampaniya” Tekirdağ şöbə koordinatorluğunu idarə etmişəm. Türkiyənin “Tarix, İqtisadiyyat, Siyasət, Mədəniyyət Araşdırması Fondu”nun (TESKAV) Azərbaycan koordinatoruyam. "Türkiyə Cumhuriyyəti Gənclər və İdman Nazirliyi" və "Türk İş Birliyi və Koordinasyon Agentliyi - TİKA", “Yurtdışı Türkler və Akraba Toplulukları Başkanlığı-YTB” nəzdində Azərbaycan-Türkiyə dostluq və əməkdaşlığı istiqamətində bir çox layihələrin təşkilatçısı olmuşam. 2015-ci ilin iyun və noyabr aylarında Türkiyədə parlament seçkilərində təcrübə keçmişəm, Millət Vəkili adayının danışmanı olmuşam. Oradaki Parlament seçkilərindən sonra isə seçkilərlə bağlı müstəqil araşdırmalar aparmışam. Odur ki Parlament seçkilərində seçki prosesini mükəmməl bir şəkildə mənimsəmişəm.
- Gənc ictimai fəal kimi hansı
işləri görmüsünüz?
- Azərbaycanda tələbə olarkən
internat məktəblərinin birində kimsəsiz uşaqlarla bağlı təmannasız təhsil
proqramları həyata keçirmişik. Ölkəmizin ictimai həyatında bir tələbə kimi fəal
olmağa çalışmışam. Tədrisdən sonraki boş vaxtlarımı planlı şəkildə ehtiyac
sahibi uşaqlara həsr edərək, onlara təmənnasız dərslər vermişəm. Eyni zamanda
xeyriyyə işlərində də aktiv rol oynamışam. Türkiyədə magistatura oxuduğum
müddətdə, 2016-cı ilin ilk aylarında “Keçmişin izində yeriyən gənclik” adlı
layihə reallaşdırmışıq. Azərbaycandan Türkiyəyə 20-yə qədər tələbə apararaq
İstanbulu və Çanaqqalanı gəzdirmişik. Çünki Çanaqqala müharibəsində minlərlə
azərbaycanlı könüllü iştirak edib. Türkiyənin bir çox ali təhsil ocaqlarından
yüzlərlə müraciət əsasında Azərbaycana da 20 nəfərlik gənc gətirməyə nail
olduq. Onların qarşısına şərt qoyduq ki, sizi Nuru Paşanın getdiyi marşrut ilə
Azərbaycana aparacağıq və ölkəmizlə tanış edəcəyik. Ancaq siz də geri qayıdanda
hər biriniz öz universitetinizdə seminar, konfrans təşkil edin. Burada
gördüklərinizi, sizə olan doğma münasibəti Türkiyədəki qardaşlarımıza çatdırın.
Bundan başqa hər il Türkiyə ictimayyətinə və Türkiyədə təhsil alan əcnəbi
tələbələrə 20 Yanvar, Xocalı Soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı, 28
May Respublika günü, erməni işğalçıları tərəfindən Azərbaycan rayonlarının
işğal günləri ilə bağlı çox sayda konfrans və simpoziumlar təşkil etmişik.
Türkiyə televiziyalarında çıxışlarım olub. 2015-ci ildə Xocalı soyqırımı ilə
bağlı böyük bir simpozium təşkil etmişdim. Təklif və proqramımızdan
məmnunluğunu bildirən rektorumuzun əmri ilə universitet üzrə sonuncu dərs
simpoziumla əvəz olundu. 1000-dən artıq tələbə-müəllim heyəti bu simpoziumda
iştirak etdi. Hətta həmin ərəfədə millət vəkili Məlahət İbrahimqızı Fransaya
səfər etməliydi. Məlahət xanıma bu haqqda məlumat verib xahiş etdik ki bu
simpoziumda iştirak etsin. Məlahət xanım isə təklifi müsbət qarşılayıb Fransa
səfərini bir günlük təxirə salıb bu simpoziuma qatılaraq geniş və məzmunlu
çıxış etdi. Bu tədbirləri məhdud maddi imkanlarımızla (təqaüdümüzdən
ayırdığımız büdcə hesabına) etmişik. Onu da qeyd edim ki, Azərbaycanla bağlı
tədbirlərə Türkiyədə təhsil alan əcnəbi tələbələri də sövq edirdik.
- Seçkidə iştirak etmək arzusu
sizdə haradan yarandı?
- Əfəndiyevin üzv olduğu
siyasi partiya varmı və siyasi baxışı?
- Heç bir partiyanın üzvü
deyiləm. Bitərəfəm. Dövlətimiz və xalqımız naminə olan, qanunun aliliyini
gözləyən, bütün siyasi düşüncələrə hörmətlə yanaşıram.
- Təbliğat-təşviqat
kampaniyasını necə aparırsınız, hansı işləri görürsünüz?
- Mənim seçki kampaniyam bir
qədər fərqlidir. Bütün gücümü, enerjimi insanlarla birbaşa görüşə ayırmışam.
Hələki insanları görüş üçün harasa dəvət etmirəm. Özüm onların ayağına gedirəm.
Dairəmdə olan bütün obyektləri, kiçik və orta sahibkarların iş yerlərini
bir-bir gəzərək , onları narahat edən problemləri örgənirəm. Seçiləcəyim
təqdirdə hər birinə xüsusi diqqət ayıracağımı bildirirəm. Bunun da səbəbləri
var. Ölkəmizdə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılmasında bəhsi
keçən sektorun güclənməsi vacibdir. Bu prosesi sürətləndirmək üçün kiçik və
orta sahibkarlara ciddi dəstək vermək lazımdır. Deputat seçilsəm, parlamentdə bu
məsələyə xüsusi diqqət edəcəm. Bu səbəbdən hər gün onlarla obyekti ziyarət
edirəm. Orada çalışan və müştəri qismində gələn insanlarla görüşmə imkanım
yaranır. Ayrıca məhəlləri də gəzərək, gün ərzində orta hesabla 400-500 insanla
təmasım olur. Seçicilərimi narahat edən problemlərlə də yaxından tanış oluram.
Artıq gəzdiyim məhəllələrdə insanlar özləri bütün məhəllə sakinləri ilə toplu
şəkildə görüşmək üçün məni dəvət edirlər. Hər məhəllədə görüşlər keçirməyi
planlaşdırıram.
- Deputat seçiləcəyiniz
təqdirdə parlamentdə hansı təklifləri verəcəksiniz?
- Platformamda bu məsələləri
geniş işıqlandırmışam. Verdiyiniz suala cavab olaraq aşağıdakıları qeyd etmək
istəyirəm: - Seçicilərim etimad göstərib məni parlamentə nümayəndə seçərsə,
aşağıdakı problemlər siyasi fəaliyyətimin daha geniş obyekti olacaq. Yeni qəbul
olunacaq qanunlarımızın obyektivliyi, həyatiliyi və aliliyi, xalqın orta və
yoxsul təbəqələrininin həyat tərzinin daha da yaxşılaşdırılması, insan
hüquqlarının, vətəndaş azadlığının, milli mənəvi dəyərlərimizin qorunması,
iqtisadi inkişaf konsepsiyalarının hazırlanmasında dövlət nəzarətinin
artırılması, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi və bu
çərçivədə sənaye, texnologiya, innovasiya və kənd təsərrüfatı sahələrinin
rəqabətə davamlılığının təmin edilməsi, qeyri-neft sektorunun inkişaf
etdirilməsi, özəl sektorun dəstəklənməsi və bunun üçün əlavə imkanların
yaradılması, işsizliyin səviyyəsinin minimuma endirilməsi məqsədilə, turizm və
xidmətlər sahəsinin daha da inkişaf etdirilməsi və s. məsələri gündəmə
daşıyacam. Həmçinin, mövcud təhsil sistemindəki problemlərin aradan
qaldırılması, səmərəli pedoqoji üsulların yaradılması, ali təhsil
müəssisələrinin beynəlxalq elm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü
qanunların qəbul edilməsinə çalışacam. Fiziki məhdudiyyətli insanların,
xüsusilə şəhid ailələrinin və müharibə əlillərinin rifah halının
yüksəldilməsinin diqqət mərkəzində saxlanılması və hüquqlarının müdafiəsi
istiqamətində səy göstərəcəm.
- Seçicilərinizə arzularınız
nədir?