Xırda qüsurlar olsa da... – Hazırkı prosesi seçkilərin şəffaf keçəcəyinə inam yaradır - TƏHLİL

Fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərin təşviqat dövrü uğurla davam edir desək yanılmarıq. İlkin mərhələdə, yəni namizədlərin irəli sürülməsi prosesində iddialı şəxslərə heç bir maneə yaradılmayıb. Rləcə də namizədlərin qeydiyyatı prosesi qanunauyğun şəkildə həyata keçirilib. Belə ki, tələb olunan imzaları toplayan namizədlərin qeydiyyat işi asan həll edilib. İndi isə təşviqat dövrüdür.  Namizədliyi qeydə alınmış iddialılar seçiciləri ilə qapalı və açıq görüşlərini sərbəst şəkildə keçirirlər. Dövlət tərəfindən prosesin şəffaf və demokratik keçirilməsi üçün lazımi tədbirlər görülməkdədir. 

Təbii ki, hər seçkidə problemlər də olur. Heç bir ölkədə seçki prosesi qüsursuz olmur, bu və ya digər şəkildə namizədlər tərəfindən prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə olunması və s. pozuntular və neqativ hallar müşahidə edilir. Hətta ən inkişaf etdmiş, demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə bu kimi faktlar kifayət qədərdir. 

Məsələn ABŞ-da sonuncu prezident seçkilərini götürək. Hazırkı ABŞ prezidenti Donald Tramp ın belə təşviqat kampaniyasında qanunsuzluqlar etdiyi haqqında mətbuatda silsilə yazılar gedirdi. 

Əsas məsələ pozuntuların sistem xarakteri daşımaması, kütləvi hal almaması və seçkilərin nəticəsinə təsir göstərməməsidir. Qanun pozuntusu varsa da, namizəd aidiyyatı üzrə Mərkəzi Seçki Komissiyasına şikayətini göndərir, MSK-da məsələyə baxılıb, uyğun qərar verilir. 

Hazırda Azərbaycanda keçirilən parlament seçkilərinin namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına, bərabərlik və ədalət prinsiplərinin təmin edilməsinə xələl gətirə biləcək tendensiya müşahidə olunmur

Ümumilikdə, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir, onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. Bu fakt parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin seçki prosesinə qatıldığını əyani şəkildə təsdiq edir.

KİV-lərin və sosial medianın hətta səthi monitorinqi belə onu deməyə əsas verir ki, namizədlər fəal təşviqat kampaniyası aparırlar. Bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdirlər, bu imkanlardan yetərincə yararlanırlar. Namizədlər hər bir yaşayış məntəqəsində xüsusi ayrılmış yerlərdə təşviqat materiallarını yerləşdirirlər. Bəzi hallarda plakatların cırılması yolverilməz haldır. Lakin yüksək rəqabətlilik şəraitində keçən seçkilərdə bəzi namizədlərin öz rəqiblərinə qarşı qeyri-qanuni üsullardan istifadə etməsi faktları da mümkündür ki, bununla bağlı seçki orqanlarına müraciət etmək zəruridir.

Bununla yanaşı 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Hazırda mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyini açıq müşahidə etmək olar.
Həmçinin seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 54 min 292 nəfərdir. Bu da seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir.

Müşahidələr göstərir ki, Azərbaycan dövləti Milli Məclisə seçkilərə qatılmış namizədlərin potensialını yüksək qiymətləndirir, onları ehtiyat kadr bankı hesab edir və qarşıdan gələn dövrdə də ictimai rəydə özlərini təsdiq etmiş, lakin Milli Məclisə üzv seçilə bilməmiş bu insanların imkanlarından yararlanmaq niyyətindədir. 

Bütün bunlara nəzər saldıqda demək olar ki, bəzi siyasi partiyaların və namizədlərin seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi barədə iddiaları faktlara əsaslanmır və mümkün məğlubiyyətdən sığortalanmaq məqsədi güdür. Belə faktlar müəyyən olunarsa, qanunvericiliyə uyğun şəkildə seçki orqanına müraciət etmək problemin aradan qaldırılması üçün ən optimal variantdır.

Ümumilikdə, seçkiqabağı vəziyyət cəmiyyət, o cümlədən siyasi partiyalar, namizədlər, ekspertlər və politoloqlar tərəfindən müsbət qiymətləndirilir, seçkilərin yüksək fəallıq, rəqabət şəraitində, bərabər imkanlar, azad və sərbəst mühit təmin olunmaqla keçirildiyi xüsusi vurğulanır.

Məsələn Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edir ki, indiki mərhələyədək seçki prosesini müsbət qiymətləndirmək olar. 



Məhərrəm Zülfüqarlı: “Ümumilikdə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı mərhələni qənaətbəxş saymaq olar”


O, Serq.az-a açıqlamasında qeyd edib ki, namizədliyini irəli sürən çox az adam qeydiyyatdan keçmədi: 

“Güman ki, qanuna uyğun olaraq imza toplaya bilməyənlər, hansısa sənədi çatışmayanlar qeydiyyata alınmadı. Amma əksəriyyət qeydiyyata alındı, hazırda da normal təşviqat kampaniyası aparırlar. Dövlət tərəfindən namizədlərə lazımi şəraitin yaradıldığını söyləmək olar. Təşviqat aparırlar, seçiciləri ilə sərbəst görüşürlər, sözlərini deyirlər. Mətbuatdan izləyirik, bunun şahidiyik. Bundan sonrakə seçki prosesi də hesab edirəm ki, qanunamüvafiq həyata keçiriləcək. Ümumilikdə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı mərhələni qənaətbəxş saymaq olar. Təbii ki, müəyyən narazılar olacaq, bu da normaldır. Heç bir ölkə 100 faizlik ideal seçki keçirə bilmir. Bizdə də narazı namizədlər var. Ola bilsin ki, xırda, dəyişimə xor baxan məmurlar hansısa əngəl törədirlər. O zaman müvafiq orqana şikayət etsinlər. Eyni zamanda rəqib namizədlər arasında da bir-birinə qarşı müəyyən qanunsuzluğa əl atanlar ola bilər. Amma bu kütləvi deyil, ümumi seçki kampaniyasına kölgə sala bilməz”.