Qardaş yaşlı bacısına qarşı dələduzluq edib? – “İmzamdan istifadə edib, evimi girov qoyub” - ŞİKAYƏT

Bakı şəhər Qaradağ rayon sakini Rzayeva Fəridə Meyli qızı doğma qardaşından şikayətçidir. F.Rzayeva qardaşı Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. Şikayətçi xanım redaksiyamıza müraciətində bildirib ki, qardaşı onun adından istifadə edərək özünə şəxsi maliyyə hesabı açıb:

“Hazırda Qaradağ rayonu Sahil qəsəbəsi Ə.Gülbabayev küçəsi ev 18, mənzil 35-də yaşayıram.  2012-ci ildə yoldaşım Rzayev İltifat vəfat edib. 2013-cü ildə qardaşım yoldaşımdan qalan mənzilin adıma özəlləşdirliməsi üçün mənə köməklik göstərəcəyini bildirmişdi. Amma məni aldadaraq, savadsızlığımdan, yaşlılığımdan sui-istifadə edərək, öz xətti ilə yazdığı kirayə müqaviləsi ərizəsinə mənim imzamı atıb. Övladlarımın da adından istifadə edərək öz xətti ilə yazdığı kirayə müqaviləsi ərizəsində saxta imzalar göstərib. Daha sonra həmin ərizələri 45 saylı notariat kontorunun rəisi Şükürov Tofiq Gülabbas oğlu ilə əlbir olaraq təsdiqlətdirib. Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti ilə iş birliyi quraraq məndən xəbərsiz gizli yolla və saxtakarlıqla adıma bağladığı müqaviləni özündə saxlayıb. Özəlləşmə ərizələrini bir kənara qoyaraq çirkin niyyətinə nail olub, adıma aldığı sərəncamla yenə mənim adıma özü üçün şəxsi maliyyə hesabı açdırıb”. 

“Doğma qardaşım olduğundan mən ona inandım”


Şikayətçi mənzilinin qardaşı tərəfindən satıldığını ya da girov qoyulduğunu iddia edir:

“Müqavilə məndə olmadığından tam məlumatım yoxdur. Bu məsələdə Ələmov Rahimə digər doğma qardaşlarım- Ələmov Yusif, Ələmov Akif, Ələmov Rövşən və doğma bacım İbadova Kamilə köməklik göstəriblər. Həmçinin 119 saylı keçmiş “JEK” müdirinə hazırda müdir müavini olan Vidadi Əliyev köməklik edib. 3 nömrəli Asan Xidmətin Reyestr şöbəsində çalışan gənc qız qardaşım Ələmov Rahimlə əlbir olaraq dövlət mülkiyyətli çıxarışı mənə xüsusi mülkiyyət çıxarışı kimi təqdim edərək savadsızlığımdan istifadə ediblər. Doğma qardaşım olduğundan məni aldatmasını başa düşməmişəm. 2018-ci ildə mənzilimi satarkən bu məsələnin üstü açıldı. Bütün aidiyyəti qurumlara müraciət etmişəm, saxta icarə-kirayə müqaviləsi ərizələrini təqdim etmişəm. Amma bu günə qədər hələ də saxta ərizələri ekspertizaya göndərməyiblər, cinayəti ört-basdır edirlər”.

"Artıq 12 aydır ki, iddiam sədr Ramiz Rzayevdən gizlədilir, mülki işimə baxılmır"


F.Rzayeva övladlarının da Qaradağ rayon məhkəməsində saxta ərizələrin ekspertizasını tələb etdiyini bildirir:

“Hakim Gülnar Əhmədova, vəkilimiz Qulamov Ceyhun Oktay oğlu ilə əlbir olaraq iddianı dəyişdilər, ekspertizaya saxta ərizələr yerinə notariatın qeydiyyat kitabını göndərdilər.  Biz bu ədalətsizliyi görüb məhkəməni dayandırdıq. 3 dəfə məhkəmə keçirilməsinə baxmayaraq ədalətsizlik olub, saxta ərizələr ekspertiza edilməyib və ədalətsiz qərarlar verilib. Yenə də narazı qalıb hazırda iddiamı Plenium məhkəməsinə vermişəm. Artıq 12 aydır ki, iddiam sədr Ramiz Rzayevdən gizlədilir, mülki işimə baxılmır.

"Məhkəmə qaydasında mənə dəymiş maddi-mənəvi ziyan ödənilsin, mülküm qanuni şəkildə özümə qaytarılsın"


Artıq dərəcədə xahiş edirəm ki, müqavilə aşkara çıxarılsın, bu məsələ ciddi araşdırılsın. Saxta yollarla adıma dövlətdən mənimsənilən maliyyə dövlətə və mənim mülküm qanuni şəkildə özümə qaytarılsın. Mənə məlum oldu ki, qardaşlarım və bacım mənzilimin üzərində saxtakarlıqla, dələduzluqla qanunsuz olaraq mənim və övladlarımın razılığı olmadan dövlətdən saxta yollarla maliyyə mənimsəyiblər. Hamısı sahibkarlıqla məşğuldurlar və əlbirdilər. Bu saxta yollarla qurulan sahibkarlığa son qoyulmasını istəyirəm. Məhkəmə qaydasında mənə dəymiş maddi-mənəvi ziyan ödənilsin, mülküm qanuni şəkildə özümə qaytarılsın. Ailəvi olaraq tələbimiz budur, pozulmuş hüquqlarımızın bərpa olunmasını istəyirik. Bu insanlar cinayətlərini ört-basdır etməkdən ötrü övladlarımı və məni şərləməklə hədələyirlər. Dövlətimizə güvənirik, müdafiəmizə qalxmasını istəyirik”.

Yazıda adı çəkilən qurumlar və şəxslərlə əlaqə qurmağa çalışsaq da mümkün olmadı. Rəsmi qurumlar telefonlarımıza cavab vermədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.