Seçici tələbkarlığı: Deputatlar o zaman məsuliyyətli olacaqlar ki… - AKTUAL

“Seçici nə qədər tələbkar olarsa, gələcək deputatlar da bir o qədər məsuliyyətli, cavabdeh olacaqlar”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Zaur İbrahimli deyib. 

Ekspert bildirib ki, əvvəlkindən fərqli olaraq seçicilər daha tələbkar olublar: 

“Bələdiyyə üzvlüyünə qadın namizədlərə təlim keçərkən, əvvəlcədən bir sual ünvanlayırdım. Soruşurdum ki, “bu seçkinin əvvəlki seçkilərdən əsas fərqi nədir?”. Müxtəlif cavablar olurdu. Amma əksəriyyət bir fikri vurğulayırdı: - Vətəndaşlar, seçicilər daha tələbkar olublar. Əvvəlki kimi görüşlərdə standart, bayağı çıxışlar etmirlər, real problemləri qaldırırlar və konkret soruşurlar ki, bu çətinlikləri necə həll etmək olar? 



Zaur İbrahimli: “Seçicilərlə görüşlərin videolarını izlədikdə görmək olur ki, vətəndaşlar problemlərdən açıq danışmaqdan çəkinmirlər”


Növbədənkənar parlament seçkilərində də bu trend aydın təzahür etməkdədir. Seçicilərlə görüşlərin videolarını izlədikdə görmək olur ki, vətəndaşlar problemlərdən açıq danışmaqdan çəkinmirlər. Daha tərif dövrü keçdi, vətəndaş konkret həll yolları, təkliflər eşitmək istəyir. Bu da çox yaxşı haldır. Ümid edək ki, seçidən sonra da bu belə davam edəcək”.