Qürbətdən gələn ölüm xəbəri: Tofiq Qasımovun vəfatı hamını sarsıtdı - FOTOLAR

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan, keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib. Məlumata görə, sabiq XİN rəhbəri ötən bazar günü - yanvarın 26-da vəfat edilibmiş. Lakin ailəsi bu barədə Azərbaycana gec məlumat verib. 

82 yaşında dünyasını dəyişən Tofiq Qasımov İsveçrənin Lütsern şəhərində müsəlman qaydası ilə torpağa tapşırılıb. 

Qeyd edək ki, T.Qasımov 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub və 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. Bir müddət Türkiyə universitetlərində dərs deyən keçmiş nazir sonradan Norveçə, İsveçə, oradan isə İsveçrəyə gedib. 

Sherg.az məlumat verir ki, sabiq XİN başçısının xaricdə dünyasını dəyişməsi xəbəri mərhumu tanıyan ictimaiyyət nümayəndələri tərəfindən məyusluqla qarşılanıb. Tanınmışlar sosial şəbəkədə Tofiq Qasımovla bağlı maraqlı xatirələrini və fikirlərini paylaşıblar. T.Qasımov haqqında sosial şəbəkələrdə yazılanların bir neçəsini təqdim edirik.. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: 

“Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri, dövlət müstəqilliyinin tanınmasında misilsiz əməyi olan, keçmiş xarici işlər naziri Tofiq Qasımov haqq dünyasına qovuşub. Tofiq bəy öz sahəsində dünya elmində qəbul olunan alim, həm də gözəl dost, kamil insan idi. Onun vətəndən kənarda ölüm xəbəri hamımızı sarsıtdı. Tofiq bəyin yaxınlarına dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirəm”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: 

“Azərbaycanın Milli Azadlıq hərəkatı liderləri icərisində ən parlaq simalardan olan Tofiq Qasımov haqq dünyasına qovuşub.Tanrı rəhmət eləsin ,məkanı cənnət olsun! Ailəsinə ,yaxınlarına başsağlığı verirəm”.

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli: 

“Tofiq Qasımov həyatının son 25 ilə yaxın bir hissəsini qürbətdə keçirdi, heç kəslə ünsiyyət saxlamaq istəmədi. Türkiyədə olduğu əvvəlki illərdə ad günlərimi təbrik edirdi, Avropaya köçdükdən sonra ondan daha soraq gəlmədi. Susdu. Qürbət illərində bircə müsahibəsi də yoxdu. Son dərəcə fəal vətəndaş mövqeyində olan bir insanın on illər ərzində susqun qalması özü bir müəmmadı. Yəqin ki, nələrisə yazıb qoyub. Ümid edək ki, yazıb. Rahat yat, əziz dost, gözəl və pak insan. Qəbrin nurla dolsun! Yerin həmişə görünürdü, yenə də görünəcək!”.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi: 

“Rauf Zeyninin paltosunu geyinib Moskvaya işçi səfərə gedən Xarici İşlər Naziri Tofiq Qasımov qürbətdə dünyasını dəyişdi. Ağladım”. 

“Musavat.com”un baş redaktoru Xalid Kazımlı: 

“Xalq hərəkatının ən sevimli, ən prinsipial, ən kristal liderlərindən biri olan Tofiq Qasımov.... Allah rəhmət eləsin... Gözəl insan idi. Nazir olanda ona deyiblər, böyük adamlarla görüşürsən, bu kostyumunu dəyiş. Boyunluğuna baxıb, deyib ki, elə də nimdaş deyil, bir müddət də geymək olar. Gözütox adam idi. Heyf”.

Araşdırmaçı-jurnalist Zaur Bayramlı: 

“Azərbaycan tarixinin ən dürüst və vicdanlı siyasətçilərdən biri, müstəqilliyimizin memarlarıdan olan keçmiş Xarici İşlər nazirimiz Tofiq Qasımov mühacirət həyatı yaşadığı İsveçrədə vəfat edib. Nur içində yat, vicdanlı insan”.

Tanınmış həkim Orxan Cəbrayıl: 

“Tofiq Qasımov Azərbaycanın istiqlaliyyəti üçün çalışmış görkəmli bir ziyalı, müstəqil dövlətimizin quruculuğunda iştirak etmiş görkəmli bir dövlət xadimi idi. 82 yaşında və çox təəsüf ki, qərib diyarlarda Azərbaycan həsrəti ilə köçdü bu dünyadan. İsveçrənin Lüstern şəhərində yaşayırdı və orada da dəfn olundu. Belə olmamalı idi! Rəhmət və sayqıyla anacağıq!”.

Yazar, ekspert Elnur Elturk: 

“Azərbaycan Milli Azadlıq Hərəkatının təmiz simalarından olan, keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib. Tofiq müəllim ləyaqətli və şəxsiyyətli kişilərdən idi. Allah rəhmət eləsin!”.