Şəffaf və ədalətli seçki keçirilməsi üçün siyasi iradə var - ŞƏRH

“Prezident İlham Əliyevin iradəsi ölkəmizdə tamamilə normal, şəffaf və ədalətli seçkinin keçirilməsi üçün yetərlidir”.  Bu fikirləri Sherg.az-a açıqlamasında 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd, siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrət bildirib ki, seçki prosesi siyasi proses olmaqla sadəcə Azərbaycanın daxilində deyil xaricdə də diqqəti cəlb edir:

“Ölkəmizdə faktiki olaraq bu proses ciddi bir şəkildə davam etməkdədir. Beynəlxalq müşahidəçilər Azərbaycanda müşahidə aparır, eyni zamanda müxtəlif siyasi qüvvələr bu prosesdə yaxından iştirak edir. İstər hakimiyyətə yaxın, istərsə də siyasi müxalifətə aid insanlar namizədliyini irəli sürüb, qeydiyyatdan keçib və təşviqat aparmaqdadırlar. İndiki mərhələ üçün deyə bilərəm ki, təşviqatla bağlı hansısa problemlə üzləşmirik. Özüm də müşahidə edirəm, başqa namizədlərin də fikirlərini eşitmişəm. Yəni, siyasi səbəblərlə hər hansı maneçilikdən söhbət gedə bilməz. Ümumiyyətlə, hər kəs üçün bərabər imkanlar və şərait yaradılıb ki, namizəd gedib seçicilərlə sərbəst şəkildə görüşsün və platformasını təqdim edib dəstək qazansın. Bu baxımdan ciddi bir problemin olduğunu iddia etmirəm”. 

A.Həsrətin sözlərinə görə, üçüncü qüvvələr var ki, onlar seçki prosesinə süni müdaxilələr etməyə cəhd göstərirlər:

“Bəzi bölgələrdə eşidirik ki, bu və ya digər şəkildə hansısa vəzifə sahibləri vəzifələrində sui-istifadə etməyə cəhd göstərirlər. Mən 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizəd olaraq hərəkətdəyəm. Birmənalı şəkildə deyirəm ki, burada rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev proseslərdə neytrallığını qoruyur və heç bir şəkildə hansısa namizədin xeyrinə təbliğat-təşviqat işində iştirak etmir, bunun üçün dolayısı şərait yaratmır. Amma təəssüf ki, bəzi şəxslər belə davranmır. Burada konkret olaraq rayonun keçmiş icra başçısı Şəmsəddin Xanbabayev proseslərə müdaxilə etməyə cəhd göstərir. Eyni zamanda Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev işini kənara atıb, konkret bir namizəd üçün təşviqat kampaniyasında iştirak edir. Əlbəttə ki, bu şəxs qanun pozuntusuna yol verir. 

Başqa dairələrdə vəziyyətin necə olduğunu tam bilmirəm. Lakin sosial mediadan izlədiklərimə görə, proseslər böyük hesabla şəffaf və qanun çərçivəsində həyata keçirilir”.