Miqrantlar vətənə qayıdacaqlar: Reinteqrasiya yardımının müsbət təsiri olacaq

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Niderlanddan könüllü olaraq Azərbaycana qayıdan şəxslərə gəlir gətirən fəaliyyət sahəsinin qurulmasına dəstək verib. Qurumun Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderlandan könüllü mənşə ölkəsinə qayıdan şəxslər reinteqrasiya yardımı ilə təmin edilib. 

Layihə çərçivəsində könüllü qayıdan şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.



Azər Allahverənov: “Çörək pulu” qazanmaq üçün gedənlər də az deyil”


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bu təşəbbüsü müsbət qiymətləndirərək Serq.az-a bildirib ki, uzun müddət xaricdə yaşayan insanların yenidən öz cəmiyyətlərinə inteqrasiya olunmaları üçün onlara hər cür şərait yaradılmalıdır: 

“Məncə, bu çox yaxşı addımdır. Amma bununla kifayətlənmək olmaz. Belə ki, vətənindən başqa ölkəyə köçən şəxsin öz vətənində komfortunun təmin olunması, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətin bir hissəsinə çevrilməsi üçün hər cür şərait yaradılmalıdır. İnsanların cəmiyyətdən  tədric olunmasına icazə vermək olmaz. Ümumiyyətlə insanlar müxtəlif səbəblərdən xarici ölkələrə üz tuturlar. Bəziləri könüllü olaraq gedir və müəyyən müddətdən sonra qayıdır. Bəziləri isə buna məcbur qalır. Necə deyərlər, “çörək pulu” qazanmaq üçün gedənlər də az deyil. Odur ki, miqrantların vətənə qayıtması üçün bu cür proqramların səmərəli olunacığını düşünürəm”.