Bəhruz Quliyev: “Texniki baxımdan istənilən seçkilərdə qüsurlar olur”

“Amma o qüsurlar seçkinin nəticələrini pozmursa, deməli, proses ideal şəkildə keçirilib”



“Parlament seçkilərinin texniki prosedurları tam şəffaf və hər kəsin qane olduğu formada başa çatıb. Namizdələrin problemsiz qeydiyyatdan keçməyi və deputatlığa namizədlik statusu qazanmasından göründü ki, seçkilər beynəlxalq standartlara uyğun texniki prosedurdan keçdi”. Bu fikirləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor, seçki prosesinin olduqca çətin olduğunu da diqqətə çatdırıb: 

"Çünki bu proses hər bir xalqın və dövlətin önəmli hadisə sayılır. Xalqın seçdiyi insanlar dövlətin inkişafına və əhalinin güzəranına töhfəsini verməlidir. Ümumiyyətlə, hər seçkini Azərbaycan üçün irəliyə doğru atılmış addım kimi dəyərləndirmək olar. Həm insanların şüurunda seçkiyə münasibətdə, həm texniki qaydalarda, həm də seçki prosesi mərhələlərində bir addım irəliyəyirik. Demokratik dəyərləri özündə əks etdirən qaydalarımız var. Hazırda texniki məsələlər başa çatıb və namizədlər öz təşviqatlarını aparırlar. Təşviqat dövrünün özü göstərir ki, namizədlər özlərini seçicilərə tam manesiz təqdim edə bilirlər”. 

B.Quliyev vurğulayıb ki, heç bir dövlətdə ideal seçki prosesi yoxdur:

“Texniki baxımdan istənilən seçkilərdə qüsurlar olur. Amma o qüsurlar seçkinin nəticələrini pozmursa, deməli, proses ideal şəkildə keçirilib. Elə dövlətlər var ki, seçki ərəfəsində təşviqat dövründə hətta silahlı atışmalar baş verir, rəqiblər bir-birinə qarşı ciddi problemlər yaradırlar. Lakin ölkəmizdə insanların şüurunda seçkiyə münasibət yaxşı mənada dəyişib və demokratik mübarizə mühiti yaranıb. Namizədlərin sayı artıq seçkiyə münasibətin göstəricisidir. Namizədlərin çoxluğu onu göstərir ki, 1 yerə təqribən 10 iddialı var. Bu o deməkdir ki, seçkidə mübarizə əhval-ruhiyyəsi mövcuddur. Sözsüz ki, 10 nəfərdən biri seçiləcəksə, digərləri narazılıq edə bilər. Məsələn, 125 yer müəyyən edilib və  seçilməyənlər müxtəlif arqumentləri əsas gətirəcəklər. Təbii ki, seçilməyən adam məğlubiyyəti ilə barışmaq istəmir”.

Baş redaktor namizədlər arasında ayrı-seçkiliyin olmadığını diqqətə çatdırıb:

“Bəzən deyirlər ki, namizədlərə təşviqat üçün eyni şərait yaradılmır və bəzilərinə efir imkanları verilmir. Amma bu gün heç efirə də ehtiyac yoxdur. Hazırda namizədlər sosial şəbəkələr və internet üzərindən təşviqatlarını azad şəkildə apara bilirlərsə, efir lazım deyil. Bunlar sadəcə olaraq bir bəhanədir. Kimsə indidən məğlubiyyətini görür və sözsüz ki, özünü sığortalamaq üçün müxtəlif arqumnetləri əsas gətirir. Ölkəmizdə seçkinin keçirilməsi üçün hüquqi baza mövcuddur. Eyni zamanda kifayət qədər təşkilatlar və əlaqədar qurumlar seçkilərin şəffaflığı üçün böyük işlər görürlər. Hesab edirəm ki, seçkidə namizədlər bir-biri ilə rəqabət apara biləcək mühitdə özlərini təqdim edib qələbə qazanmalıdırlar".