Ayıq olun! - Sosial şəbəkələrdəki dələduzların "qarmağına" keçməyin

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, son günlər sosial şəbəkələrdə, xüsusən İnstaqram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır:

"Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik".

Təəssüf ki, sosial şəbəkə üzərindən müxtəlif  “xidmət” göstərənlərə aldananların sayı kifayət qədər çoxdur. Saxtakarlıqla məşğul olan şəxslər görəcəkləri iş müqabilində əvvəlcədən ödəniş tələb edirlər. Belə dələduzların “tor”una düşənlər hüquq-mühafizə orqanlarına müraciət etsələr də, artıq  iş-işdən keçmiş olur. 

Bu cür hallarda DİN-nin görə biləcəyi tədbirlər barədə Sherg.az-a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, polislər belə məqamlarda nə etmək olduğunu yaxşı bilirlər. 



Mahmud Hacıyev: “Avamlıq edirlər və sonra da hüquq-mühafizə orqanlarından yapışıb deyirlər ki, “məni aldadan şəxsləri tapın”


Onun sözlərinə görə, DİN-ə yeni nazir təyin olunandan sonra müsbət yöndə islahatlar aparılır:

“Son 4-5 ayda görülən işlər heç 10-15 ildə görülməyib. Nazirlik neqativ hallarda əhalinin ayıq olması üçün xəbərdarlıq edib. Bütün hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir. İnsanların belə hallardan zərər görməməsi üçün onlara tövsiyələr edilir. Polislər belə saxtakarların “qarmağına” keçməmək üçün istifadəçilərə məlumatlar verirlər. Gərək əhali də ayıq-sayıq olsun. İnsanlar avamlıq edirlər və sonra da hüquq-mühafizə orqanlarından yapışıb deyirlər ki, “məni aldadan şəxsləri tapın”.

Hazırda texnologiya çox sürətlə inkişaf etməkdədir. Bu inkişaf bəzi cinayətkar ünsürlərə qol-qanad açması üçün şərait yaradıb. Bəzən texnoloji üsullardan elə formada istifadə edirlər ki, hüquq-mühafizə orqanları həmin işi çox çətinliklə aça bilir. Nazirliyin belə məqamlar zamanı xəbərdarlıq etməsi onun fəaliyyət növlərindən biridir, başqa nə edə bilər ki? İnsanlar gərək aldanmasın. Kimsə aldanıbsa DİN-ə müraciət edəcək, o zaman dələduzluq faktı ilə cinayət işi başlayaraq istintaq tədbirləri aparılacaq”.