Quranın 300 ayəsində dəyişiklik: Bütün fəsadlar ənənəvi din anlayışından irəli gəlir

“Bu anlayış tamamilə ortadan qalxmalıdır. Sevindirici haldır ki, Ərəbistan müftiləri Quranın 300 ayəsinin həqiqi izahını açıqlayıblar”



Səudiyyə Ərəbistan müftilərinin “Qurani-Kərim”i ibrani dilinə tərcümə etməsi müsəlmanların etirazına səbəb olub. İddialara görə, “Qurani-Kərim”in tərcüməsi zamanı 300 ayə orijinalından fərqli təqdim edilib. Bəzi din adamları bunu “müqəddəs kitabı dəyişdirmək cəhdi” kimi dəyərləndiriblər. Lakin iddiaları qəbul etməyən, daha doğrusu, məsələni fərqli yöndə təhlil edən ilahiyyatçılar da var. 

Etiraza səbəb olan məsələni “Şərq”ə dəyərləndirən ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib ki, bir çox xəbər portallarında Ərəbistan müftilərinin “Qurani-Kərim”in 300 ayəsini dəyişdirdiyi iddia edilməkdədir. Əslində isə tərcümənin məqsədi dini dəyişdirmək yox, ayələrin doğru-düzgün və müasir çağımıza uyğun izah edilməsidir. 

İlahiyyatçının sözlərinə görə, ənənəvi din anlayışı tamamilə ortadan qalxmalıdır: “Bütün fəsadlar ənənəvi din anlayışından irəli gəlir. Bundan sui-istifadə edən siyasətçilər islamı “terror dini” kimi qələmə verməyə cəhd edirlər. 

Halbuki, Quranda terror, başqasının haqqına, torpağına girmək, qətl törətmək, qadınları təhqir etmək və s. pis əməllər yoxdur. Bu cür məntiqsiz fətvalar ənənəvi din anlayışı və ənənəvi tərcümələrdən götürülüb. Əksər insanlar “Qurani-Kərim”in 6236 ayədən, 114 surə və 30 cüzdən ibarət olduğunu bilir. Quranın 1456 ayəsi Mədinədə, qalanları isə Məkkədə nazil olub. İllərdir müsəlmanlar Quranı vahid pəncərə sistemi ilə tərcümə və təfsir (izah) edirlər. Məsələn, oğrunun əlini kəsin, qadını döyün, kişilər qadınlardan üstündür, müvəqqəti evlənmək (siğə), İsanın göydə diri olması və buna bənzər çoxlu ayələr yanlış tərcümə olunub. İnanın, ənənəvi tərcüməni oxuyan təhsilli bir adam müsəlman olsa belə dindən çıxar, müsəlman deyilsə də, heç zaman bu dini qəbul etməz”. 



R.Məmmədovun fikrincə, müqəddəs bir dinin kitabında yalnız “öldürün”, “kəsin”, “qan axıdın” kimi şüarların olduğunu iddia etmək qəbuledilməzdir: 

“Bunların heç biri müqəddəs “Qurani-Kərim”də öz əksini tapmır. Quran oğrunun əlinin kəsilməsini deyil, onu oğurluğa məcbur edən mühiti aradan qaldırmağı əmr edir. Quran gender bərabərliyini izah edərək kişinin qadından üstün olmadığını izah edir. Sevindirici haldır ki, Ərəbistan müftiləri Quranın 300 ayəsinin həqiqi izahını açıqlayıblar. Ümid edirəm, gələcəkdə qeyd etdiyim 1456 ayənin hər birini müasir formada izah edəcəklər. Bəhs edilən ayələr haqqında “Həqiqət axtarışında” adlı kitabımın ikinci hissəsində geniş izah vermişəm. Həmçinin, “Qurani-Kərim”i müasir formada dilimizə tərcümə etmişəm. Yaxın aylarda PDF formatında oxuculara təqdim edəcəm. Lakin bu əməl beynəlxalq səviyyədə tanınan dini liderlər tərəfindın tətbiq olunarsa, din adına savaşlar çıxmaz, qanlar axıdılmaz”.