Trampın yeni sülh planı ziddiyyətlidir – AKTUAL ŞƏRH

Fələstin üçün bəzi şirnikləndirici təkliflər olsa da, aldadıcı məqamlar da var



ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə sülh gətirəcək “Əsrin müqaviləsi” planını açıqlayıb. Plan İsrail Baş naziri Benyamin Netanyahu Ağ Evə gəldikdən sonra açıqlanıb. Tramp planla bağlı çıxışında bu sözləri deyib: “İsrail dünyanın üzərində bir işıqdır. Tarixdəki qaranlıq dövrlərin təkrarlanmasına icazə verməyəcəyik. 

Mahmud Abbasla Beytüllahimdə görüşdüm, daha yaxşı həyat potensiallarının reallaşdırılmasının vacibliyini düşündüm. Geri qayıdarkən həll yolu üçün çalışmağa qərar verdim. Bu sülh baxışımız keçmişdəkilərdən fərqlidir, həqiqətə əsaslanan 80 səhifəlik planımız tarixə keçib”. Tramp detallı xəritə üçün komissiya yaradacağını bəyan edib: “Gələcəkdə Fələstin dövləti yaradılmasının şərtləri arasında terroru rədd etməsi də var. Qüds İsrailin bölünməmiş paytaxtı olaraq qalacaq. İsrail üçün çox iş gördüm, ən vacibi isə İranla nüvə müqaviləsindən çıxmaq oldu. Fələstin üçün də çox yaxşı müqavilə olmasını istəyirəm. Fələstinlilər üçün də çox şey etmək lazımdır, yoxsa ədalətli olmazdı”.
 


Politoloq: “Bu, sülh planı idisə, Ağ Evdə Trampın sağ tərəfində Benyamin Netanyahu dayanırdısa, sol tərəfində Fələstin lideri Mahmud Abbas dayanmalı idi”


Fərqli reaksiyalara səbəb olan “Əsrin müqaviləsi” planını “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Donald Trampın kürəkəni Kuşner vasitəsi ilə hazırladığı “Yaxın Şərq Sülh” planı daha çox İsrailin maraqlarına xidmət edir. Ekspertin sözlərinə görə, bu plan Fələstin rəhbərliyi tərəfindən qəbul edilmir: 

“Vaşinqton bəzi ərəb ölkələrindən plana anlayış gözləyir. Ağ Ev mövcud planı hazırlayarkən, kimin necə reaksiya verəcəyini ehtimal etməli idi. Məsələn, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə Vaşinqtonda haqqında danışılan planın detallarını açıqlayarkən zalda Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omanın səfirləri də var idi. Halbuki, İsrailin bu ölkələrlə diplomatik münasibətləri yoxdur. Üstəgəl, Vaşinqtonun səyləri ilə son illərdə Səudiyyə Ərəbistanı ilə İsrail arasında yaxınlaşma baş verir. Əlbəttə, plan ziddiyyətlidir, ancaq planda Fələstin üçün bəzi şirnikləndirici təkliflər var. Birincisi, yeni plana görə, Fələsitinin ərazisi indikindən iki dəfə böyük olacaq. İkincisi, Fələstin bu planı qəbul edərsə, ora 50 milyard dollarlıq yatırım qoyulacaq, 1 milyon fələstinli üçün yeni iş yerləri açılacaq. Üçüncüsü, Şərqi Qüds Fələstin paytaxtı kimi qəbul ediləcək. Dördüncüsü, Qəzza bölgəsi Fələstinin digər hissəsi ilə tunellə birləşdiriləcək. Beşincisi isə ABŞ Fələstinin müstəqilliyini qəbul edərək bu ölkədə səfirlik açacaq”.

E.Şahinoğlu vurğulayıb ki, yeni planı Fələstin üçün alçaldıcı qiymətləndirənlər az deyil: 

“Bu necə sülh planıdır ki, İsrail həmin planı alqışlayır, Fələstin rəhbərliyi lənətləyir. Əgər bu, sülh planı idisə, Ağ Evdə Trampın sağ tərəfində Benyamin Netanyahu dayanırdısa, sol tərəfində Fələstin lideri Mahmud Abbas dayanmalı idi. Mahmud Abbas eyni gündə plan haqqında tənqidi fikirlərini söyləyirdi. Türkiyə də yeni planın əleyhinədir. Rusiya isə bir qədər gözləmə mövqeyindədir. Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl İsraildə idi. Ona görə də Kreml sahibi bəri başdan İsrailin bəyəndiyi planın əleyhinə çıxmağı lazım bilmədi. Ancaq Rusiya ərəb dünyası, o cümlədən Fələstinlə də münasibətləri korlamaq istəmir. Moskva balanslı yanaşma ortaya qoymağa çalışır. Netanyahu Vaşinqtondan sonra Moskvaya yola düşüb. Baş nazir çalışacaq ki, Kreml rəhbəri planı bəyənməsə də, heç olmasa əleyhinə də çıxmasın”.