Ənvər Əliyev: “Deputat iş verən, yolçəkən, ağacəkən deyil” - MÜSAHİBƏ

“Seçilmək istəyən namizədlər xalqın içinə çıxmalıdır. Əhali ilə görüşüb onların problemi ilə maraqlansınlar, insanların iradlarını dinləsinlər”



“Kompüter arxasında oturub, seçicilərə “yağlı” vədlər verməklə insanlarda ikrah hissi yaradırlar” 



Mərkəzi Seçki Komissiyasının (MSK) sabiq üzvü Ənvər Əliyev fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı “Şərq”ə müsahibə verib. Builki seçkilərdə namizədlərin təşviqat kampaniyası, seçicilərin onlara münasibəti və inamı barədə fikirlərini bölüşən Ə.Əliyev əvvəlki seçkilərdə əhalinin aktivliyinin daha çox olduğunu deyib. 

Onun sözlərinə görə, builki seçkilərdə bir çox deputatın namizədliyini irəli sürməməsi seçicilər arasında aktivliyin yaranmasına səbəb olub: “Əhali arasında az da olsa aktivliyin artması səbəbi məhz budur. Lakin 15-20 il qabaqkı seçkilərlə, 2020-ci il seçkilərindəki aktivlik müqayisə oluna bilməz”.

- Namizədlərin davranışlarını və təşviqat üsullarını qənaətbəxş hesab edirsizmi?

- Yaşadığım ərazi ilə müqayisə etsəm, deyə bilərəm ki, namizədlər hələ yüksək səviyyədə təşviqat apara bilmirlər. Əvvəlki illərdə deyirdik ki, “aktivlik çox olsa da, problemlər az deyil”. Amma indi məlum olur ki, xeyli vaxt keçsə belə, bu problemlərin bir qismi qalıb. Ən vacib olan məqam əhalinin inamını qazanmaqdır. İndi isə sanki, heç kəsdə inam yoxdur. Ona görə də namizədlərin zəif kampaniya apardığını söyləmək yerinə düşərdi.

- Əksər namizədlər təbliğatlarını sosial şəbəkə üzərindən aparmağa üstünlük verirlər. Buna münasibətiniz necədi?

- Sosial şəbəkələrin köməyi ilə deputat olmaq o qədər də münasib hal deyil. Seçicilərlə görüşəndə, onların problemi ilə maraqlananda insanların nə istədiyini bilmək olur, müəyyən vədlər verilir. Amma sosial şəbəkə üzərindən təşviqat aparmaq o qədər də uğurlu siyasət deyil. Çünki həmin namizədlər zəhmətkeşlik göstərib seçicilərlə yaxın təmasda olmadıqları üçün əhalidə ruh yüksəkliyi yarada bilmirlər. Düzdür, əslində deputatlar icra orqanı deyil, onlar dövlətin qanunvericiliyini qoruyurlar. Amma hər halda onlar da seçicilərə müəyyən köməklik göstərə bilərlər. Sosial şəbəkə ilə canlı ünsiyyət heç vaxt eyni effekti verə bilməz. Yaxşı olar ki, seçilmək istəyən namizədlər əhalinin içinə daha çox çıxsınlar, onların problemi ilə maraqlansınlar, insanların iradları ilə üzləşsinlər. Düşünürəm ki, kompüter arxasında oturub seçicilərə “yağlı” vədlər verməklə əhalidə ikrah hissi yaranır. İnanmıram ki, onlayn formada seçicilərin etimadını qazanmaq mümkün olsun. 

- Namizədlərlə bağlı qıcıq doğuran məqamlardan biri də onların sırf səs toplamaq üçün seçicilərlə görüşməsidir. İnsanlar bunu reklam adlandırır.

- Bəli, bu fikirlə tam razıyam. Həqiqətən də belə namizədlər özlərini reklam edirlər. Bu gün təbliğat aparmağın problemi odur ki, deputatlar uzun müddət parlamentdə oturur və seçiciləri ilə maraqlanmır, kiminsə qapısını döymürlər. Amma növbəti seçkilərdə həmin əhalidən səs istəyirlər. Həqiqətən də bütün bunlar insanlarda qıcıq yaradır. Təbliğat-təşviqat kampaniyası namizədlərin gördüyü və ya görəcəyi işlərin hesabatı deməkdir. Namizədin görəcəyi işlər yoxdursa, ona heç kəs inanmayacaq. Namizədin görəcəyi işlər deyəndə isə əhali fikirləşir ki, “əvvəlki namizəd nə etdi ki, növbəti də nəsə eləsin?”. Bir sözlə, insanlarda inamsızlıq hökmranlıq edir. Əhalinin bir-birinə rəğbət və inam hissi itib. Hər kəs bilir ki, səbəb nədir. Digər tərəfdən isə namizədlər özlərindən o qədər arxayın danışırlar ki, artıq hamı kim seçiləcəyini bilir. Yəni, sərbəst rəqabət yoxdur. Artıq seçki orqanlarına da inamsızlıq yaranıb. Əhali düşünür ki, qutu kimin əlindədirsə, o da qalib gələcək. Ona görə də bu kimi hallar insanlarda qıcıq və ikrah hissi, inamsızlıq yaradır. Seçkilərdə ümumi maraqlara yox, şəxsi maraqlara daha çox üstünlük verirlər.

- Qeydə alınmayan namizədlər şikayətlərini dilə gətirdilər. Sizcə, narazılıq etməkdə nə qədər haqlıdırlar?

- Praktikaya baxsaq görərik ki, çox vaxt namizəd olmaq istəyənlərin özləri səhvə yol verir. Çünki namizədlər bəzən topladıqları imzaları ordan-burdan, yəni fərqli yollarla yığırlar. Lakin onlar bilmirlər ki, MSK-da çox mükəmməl kriminalistlər oturur. Kriminalistlər vərəqələrə baxan kimi hansı imzanın saxta, hansının həqiqi olduğunu bilirlər. Sözün düzü, inanmıram ki, kimlərinsə imzası MSK tərəfindən süni şəkildə saxtalaşdırılsın. 

- Bəzi şəxslər namizədliyini geri çəkib. Bu barədə nə düşünürsüz?

- Belə məqamların arxasında başqa işlər də var. Təkcə səslə qalib gəlmək olmur. Az da olsa bu belədir. Namizədliyini verən adamlar sonra başa düşdülər ki, onlardan güclülər də var. Ona görə də çoxları namizədliyini geri götürdü. Başa düşdülər ki, seçkilər elə-belə deyil, başqa işlər də görülməlidir. Qaranlıq məqamların çoxu aydınlaşanda həmin namizədlərdə bir inamsızlıq yarandı. Fikrimcə, insan özü bilməlidir ki, onun çəkisi nə qədərdir, proses necə nəticələnə bilər. Əslində namizədlərin götür-qoy edib hansısa nəticəyə gəlmələri də pis məqam deyil.

- Namizədliyi qeydə alınan şəxslər arasında fərqli peşə sahibləri, hətta işi-gücü olmayan adamlar da var. İşsiz insanların deputatlığa meyl etməsinə münasibətiniz necədir?

- Parlament üzvlüyünə namizəd olan şəxslərin iş görüb-görməməsi vacib deyil. Çünki deputat işverən, yolçəkən, ağacəkən deyil. Millət vəkillərinin əsas işi qanun hazırlamaqdır. Əgər kiminsə işi yoxdursa, onun namizədliyi qeydə alınmasın deyə bir qadağa yoxdur. Nə olar, kimsə işləməz, peşəsi olmaz. Biz işi olmayana, yaxud fəhləlik edənə parlamentin yolunu bağlasaq, insan haqlarından danışa bilmərik. Şəxsən fikrim odur ki, sənədlərində problem olmayan və kriteriyalara cavab verən adamların hamısının namizədliyi qeydə alınmalıdır.

- Ümumiyyətlə, builki parlament seçkilərindən gözləntiləriniz nədir?

- Mənə elə gəlir ki, Rusiya başda olmaqla bir sıra respublikalarda köhnə stereotipləri yavaş-yavaş sıradan çıxarırlar, zamanla ayaqlaşmağa çalışırlar. Söhbət ondan getmir ki, builki parlament əvvəlkilərdən daha yaxşı olacaq. Amma bəzən insanlar vəzifəli şəxslərdən və deputatlardan bezir. Əhali düşünür ki, bu şəxslər nə qədər deputat olaraq qalacaq? Düzdür, builki seçkilərdə yenilik, cavanlaşma ola bilər. Ən mühüm məqam isə odur ki, cavanlaşma hər sahədə olmalıdır. İnsanlar parlamentdə yeni mühit, yeni sima görmək istəyir. Qabaqcadan hər şeyin yaxşı olacağını demək olmur. Amma hər halda yeni deputat simalarının olmasının özü bir yenilikdir. Ola bilsin ki, onların müəyyən işləri də effektiv nəticə verəcək. Gələcəkdə nə olduğunu görəcəyik. Parlament dövlətin qanunverici orqanıdır, icra orqanları isə həmin qanunları yerinə yetirənlərdir. Qanunları həyata keçirmək, yerinə yetirmək lazımdır. Qanunlar icra olunmursa, bu zaman parlamentin özü də zərbə altına düşür. Ən böyük gözləntimiz  bu qanunların öz yerini tapmasıdır.